DÜNYA
Latviya Seymi xəzdərili heyvanların yetişdirilməsinə qoyulan qadağanı birinci oxunuşda dəstəkləyib
Riqa, 22 yanvar, AZƏRTAC
Latviya Seymi heyvanların müdafiəsi haqqında qanuna edilən düzəlişləri birinci oxunuşda dəstəkləyib.
AZƏRTAC Latviya mətbuatına istinadla xəbər verir ki, düzəlişlərə əsasən, 2026-cı ildən dəri istehsalı məqsədilə heyvanların yetişdirilməsi imkanları əhəmiyyətli dərəcədə məhdudlaşdırılacaq.
Qanun layihəsi heyvandarların yeganə və ya əsas məqsədinin dəri istehsalı olacağı təqdirdə onların yetişdirilməsini və saxlanmasını qadağan edir. Layihənin müəllifləri həm koalisiyadan, həm də müxalifətdən olmaqla Seymin, demək olar ki, bütün fraksiyalarını təmsil edən deputatlardan ibarətdir.
Qanun layihəsinin lehinə 69 deputat, əleyhinə 4 deputat səs verib, 1 deputat isə bitərəf qalıb.
Qanun layihəsinin annotasiyasında deyilir ki, dəri əldə etmək naminə heyvan yetişdirmək və öldürmək müasir dünyada haqq qazandırılmayan qeyri-etik, qəddar və yox olan sahibkarlıq növüdür. Bu növ, həmçinin ətraf mühiti çirkləndirir və iqtisadiyyatın inkişafına əngəl törədir.
Kənd Təsərrüfatı İnformasiya Mərkəzinin məlumatına əsasən, ötən ilin iyulun 1-də Latviyanın xəzlik heyvanyetişdirmə müəssisələrində 579320-si su samuru, 443-ü tülkü və 182-si şinşilla olmaqla yarım milyondan çox heyvan (579945) saxlanılıb.
Qanuna edilən düzəlişlərin məqsədi dəri istehsalı üçün heyvanların yetişdirilməsini qadağan etməkdən ibarətdir. Qanun layihəsi ovçuluq yolu ilə dəri əldə etmək və ya xəz satışını qadağan etmir. Deputatlar qanun layihəsini ikinci və üçüncü oxunuşda təsdiq etsələr, qadağa 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa