SİYASƏT


Latviya Seyminin yeni spikeri Azərbaycan ilə dostluq münasibətlərini dəstəkləyən İnara Murnietsedir

Riqa, 7 noyabr, AZƏRTAC

Latviyanın 13-cü Seyminin deputatları açıq səsvermə ilə parlamentin spikerini seçiblər.

AZƏRTAC xəbər verir ki, “Hər şey Latviya üçün” – “Vətən və azadlıq naminə/LNNK” Milli Alyansının təmsilçisi xanım İnara Murnietse yenidən parlamentin spikeri olub. Xanım Murnietsenin namizədliyini səsvermədə iştirak edən 77 deputatdan 44-ü dəstəkləyib.

İxtisasca jurnalist olan və uzun illər bu istiqamətdə fəaliyyət göstərən İnara Murnietse 48 yaşındadır. Karyerasına “Lauku avize” qəzetində başlayan spiker təmsil etdiyi Alyansın fəallarındandır.

Azərbaycanla yaxın dost münasibətdə olan xanım İnara Murnietse öz rəsmi çıxışlarında hər zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə ölkəsinin dəstəyini ifadə edib. 2015-ci ildə onun sədrliyi dövründə Latviya Seyminin Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə dostluq qrupu tərəfindən Xocalı faciəsinin insanlıq əleyhinə cinayət olduğunu bildirən bəyanat qəbul edilib. Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun təşəbbüsü ilə 53 deputatın imzası ilə qəbul edilmiş bəyanatda bu faciə insanlıq əleyhinə cinayət olaraq tanınıb. Bu hadisə ilə əlaqədar xanım İ.Murnietse Azərbaycan dövləti və xalqına dərin hüznlə başsağlığı verib.

2016-cı ilin oktyabrında Azərbaycanda səfərdə olan Seymin spikeri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə görüşüb.

12-ci Seymdə təmsil olunan və 13-cü Seymə təkrar seçilən Latviya- Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvü və Latviya Seyminin iqtisadiyyat, kənd təsərrüfatı, ətraf mühit və regional siyasət komitəsinin keçmiş sədri, Azərbaycan əsilli deputat Roman Naudinş də xanım İ.Murnietse ilə eyni - “Hər şey Latviya üçün” – “Vətən və azadlıq naminə/LNNK” Milli Alyans” partiyasını təmsil edir. “Milli Alyans” (sağ populist və milli mühafizəkar partiyadır) Avropa Parlamentində “Avropa Mühafizəkarları və İslahatçıları” (“ECR”) siyasi qrupunda təmsil olunur.

Latviya Seymi birpalatalı parlamentdir və 100 deputatdan ibarətdir. Onlar ölkənin 5 regionu üzrə vətəndaşların səsverməsi yolu ilə seçilir.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.