REGİONLAR
Latviya Yerli İcra Orqanları İttifaqının sədri: Azərbaycan məhsulları ölkəmizdə yaxşı tanınır
Xırdalan, 17 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron Rayon İcra Hakimiyyətində Latviya Yerli İcra Orqanları İttifaqının sədri Galts Kamiskisin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov qonaqları salamlayaraq, Abşeron haqqında məlumat verib. Son 10 ildə Abşeronda 50-dən çox bağça və məktəbin tikilərək istifadəyə verildiyini vurğulayan F.Cəbrayılov bu istiqamətdə həyata keçirilən işlərin hazırda da davam etdiyini bildirib.
Rayon ərazisində aparılan quruculuq–abadlıq işlərində yerli bələdiyyələrin rolunu vurğulayan müavin yerli özünüidarə orqanlarının işlərinin ildən-ilə genişləndiyini söyləyib. Qeyd edilib ki, Abşeron rayonu Misirin Qalubiyyə və Türkiyənin Bursa şəhəri ilə qardaşlaşıb.
Abşeronda bir çox məhsulların istehsal edildiyini bildirən rayon icra hakimiyyəti başçısının digər müavini İlham Quluyev rayonun artıq 7 ildir dotasiya almadan inkişaf etdiyini diqqətə çatdırıb. Ötən il respublikada ən böyük investisiyanın məhz Abşeron rayonuna qoyulması barədə məlumat qonaqlarda böyük maraq oyadıb. Rayonda istehsal edilən bir çox məhsullar haqqında məlumat verən İ.Quluyev qeyd edib ki, artıq onların bir qismi xarici bazarlara çıxarılır.
Latviya Yerli İcra Orqanları İttifaqının sədri Galts Kamiskis də ölkəsində Azərbaycan məhsullarının yaxşı tanındığını bildirərək, respublikamızın sürətli inkişafından söz açıb. O, Bakıda və Abşeronda gördükləri inkişafdan heyran qaldığını vurğulayıb.
Latviyada merlərin və bələdiyyələrin fəaliyyəti barədə məlumat verən G.Kamiskis qarşılıqlı əlaqələrin inkişafından və təcrübə mübadiləsinin əhəmiyyətindən də danışıb.