DÜNYA
Latviya donuzlar arasında Afrika taununun yayılması səbəbindən fövqəladə vəziyyət tətbiq edib
Bakı, 19 yanvar, AZƏRTAC
Latviya Seymi donuzlar arasında Afrika taununun yayılması ilə əlaqədar aprelin 17-nə qədər respublikanın üç bölgəsində fövqəladə vəziyyətin elan olunması haqqında hökumətin qərarını səs çoxluğu ilə təsdiq edib.
AZƏRTAC xəbər verir ki, Riqa yaxınlığında yerləşən Adaji, Salaspils diyarlarında, habelə Krimulda diyarında, bu il ilk Afrika taunu ocağının qeydə alındığı iri kəndli təsərrüfatlarından birində fövqəladə vəziyyət elan olunub. Bu fermada saxlanılan 5 min baş donuzun hamısı məhv ediləcək.
Donuzlar arasında Afrika taunu epidemiyası son bir neçə ildə Latviya ərazisinin, demək olar, yarısını əhatə edərək Riqaya yaxınlaşıb.
Afrika taunu və ya Montqomeri xəstəliyi ilk dəfə 1903-cü ildə Cənubi Afrikada qeydə alınıb. Virus insan üçün qorxulu olmasa da, çöl və ev donuzları üçün çox təhlükəlidir.