SİYASƏT


Latviya mətbuatında Qarabağ həqiqətlərinə dair məqalə yayımlanıb

Riqa, 24 sentyabr, AZƏRTAC

Latviyanın “Riqanın səsi” xəbər portalında jurnalist Vladimir Reşetovun Qarabağ müharibəsi, erməni işğalının ağır nəticələri və müharibədən sonrakı dövrlə bağlı məqaləsi yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, latış və rus dillərində yayımlanan məqalədə Bakıda 30 avqust - Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü münasibətilə keçirilən və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərə dair konfransdan bəhs olunub.

Yazıda konfransın Azərbaycanın Xarici İşlər Nazirliyi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və “ADA” Universiteti tərəfindən birgə təşkil edildiyi vurğulanıb. Tədbirdə Azərbaycan Xarici İşlər Nazirliyinin və ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, habelə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Arian Bauerin səmərəli müzakirələr apardıqları qeyd olunub.

Məqalədə, həmçinin Vətən müharibəsinin Azərbaycan ərazilərinin Ermənistanın hərbi işğalından azad edilməsi ilə nəticələndiyi, itkin düşmüş və girov götürülmüş şəxslərin taleyi ilə bağlı məsələnin bir daha beynəlxalq gündəmə gətirildiyi qeyd edilib. Bundan başqa, 1990-cı illərdən etibarən Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində Azərbaycan vətəndaşlarının əsir və girov götürülməsi, habelə işgəncə və kütləvi qırğınlara məruz qalması və bu xüsusda Xocalı soyqırımı barədə oxuculara geniş məlumat verilib və bu əməllərlə beynəlxalq humanitar hüququn və Cenevrə Konvensiyalarının kobud şəkildə pozulduğu diqqətə çatdırılıb.

Yazıda Ermənistanın 25 ildən artıqdır itkin düşmüş şəxslərin taleyi ilə bağlı səmərəli araşdırmanın aparılması üçün beynəlxalq hüquq çərçivəsində götürdüyü öhdəlikləri yerinə yetirmədiyi də xüsusi vurğulanıb.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.