SİYASƏT
Latviya müftisi: Müsəlman təhsil sisteminin inkişafı məsələlərinə xüsusi diqqət yetirilməlidir
Bakı, 21 dekabr, AZƏRTAC
Sülh və sabitliyi qoruyub saxlamaq üçün müsəlman təhsil sisteminin inkişafı, sosial siyasət, ekstremizm təzahürlərinə qarşı mübarizə və dini dəyərlərin vəhdətinin təmin edilməsi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan bu baxımdan başqa müsəlman dövlətlərinə nümunədir.
Bu sözləri Bakıda keçirilən “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın iştirakçısı, Latviya müftisi Zufar Zainullins AZƏRTAC-a müsahibəsində söyləyib.
Etibarlı informasiyanın çatdırılmasının əhəmiyyətini qeyd edən Z.Zainullins vurğulayıb ki, hər bir növbəti dinlərarası münaqişənin təməlində çox vaxt məhz yalan informasiya və hadisələrə düzgün yanaşmamaq dayanır. Bugünkü beynəlxalq konfrans kimi tədbirlərin keçirilməsi əsl islami dəyərlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. İslam ölkələri ilə bu istiqamətdə fəaliyyətin daha da genişlənəcəyinə ümid bəslədiyini bildirən Latviya müftisi beynəlxalq konfransın çox yüksək səviyyədə keçirilməsinə görə Azərbaycana təşəkkür edib.