MƏDƏNİYYƏT


Latviyada Nizami Gəncəvinin əsərlərinə çəkilmiş miniatürlərdən ibarət sərgi açılıb VİDEO

Riqa, 6 aprel, AZƏRTAC

Aprelin 5-də Latviya İncəsənət Akademiyasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərinə çəkilmiş miniatürlərdən ibarət sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Latviyadakı səfirliyinin Latviya İncəsənət Akademiyası ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunub. Sərgidə dünyanın müxtəlif muzeylərində saxlanılan əlyazma kitablardan ümumilikdə 24 miniatür nümayiş etdirilib.

Tədbirdə Latviya İncəsənət Akademiyasının rektoru, professor Kristaps Zarinş və Azərbaycan Respublikasının Latviyadakı səfiri Elnur Sultanov çıxış ediblər.

Kristaps Zarinş çıxışında Azərbaycanın zəngin mədəni irsə malik olduğunu qeyd edərək miniatür sənətinin Azərbaycan rəssamlığının qədim bir qolu olduğunu vurğulayıb və bu sənət sahəsinə dair əsərlərin Latviya İncəsənət Akademiyasında nümayiş etdirilməsini təqdirəlayiq hadisə hesab edib. O, bu tədbirin Akademiyanın müəllim və tələbə heyətinin Azərbaycanın miniatür sənətinə marağının artmasına töhfə verəcəyinə əminliyini bildirib və Latviya İncəsənət Akademiyasının səfirliklə bundan sonra da əməkdaşlıq etməyə hazır olduğunu ifadə edib.

Çıxış edən səfir Elnur Sultanov Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsindən danışıb. O, Şərqin və Qərbin dünya şöhrətli ədiblərinin öz yaradıcılıqlarında Nizami Gəncəvidən təsirləndiyinə diqqət çəkərək ölməz şairin humanizm, bərabərlik, ədalət, sülh kimi ümumbəşəri dəyərləri təşviq etdiyini qeyd edib. Elnur Sultanov miniatür sənətinin orta əsrlərdən etibarən ölkəmizdə məşhur olduğunu və Azərbaycan xalqının mədəni kimliyini əks etdirdiyini söyləyib. Bildirib ki, miniatür sənəti çoxtərəfli nominasiya kimi 2020-ci ildə UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Daha sonra o, Akademiyanın rektoru Kristaps Zarinşə Heydər Əliyev Fondu tərəfindən nəşr olunan, Nizami Gəncəvinin əsərlərindən və bu əsərlərə çəkilmiş miniatürlərdən ibarət kitablar hədiyyə edib.

Tədbirdə Latviya İncəsənət Akademiyasının müəllim və tələbə heyəti, həmçinin səfirlik əməkdaşları iştirak ediblər.

Sonda Akademiyanın ümumi fəaliyyəti və bölmələri ilə tanışlıq olub.

 

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.