SİYASƏT
Latviyada Respublika Gününə həsr olunan qəbul təşkil edilib VİDEO
Riqa, 29 may, AZƏRTAC
Azərbaycan səfirliyi Latviya paytaxtında 28 May – Respublika Günü münasibətilə qəbul təşkil edib.
Qəbulda Latviyanın yüksək vəzifəli rəsmi şəxsləri, Latviya Xarici İşlər Nazirliyinin dövlət katibi Andreys Pildeqoviçs, Latviya XİN-in əməkdaşları, seymin deputatları, Latviyanın sabiq prezidenti Valdis Zatlers, bu ölkədə akkreditə olunan diplomatik korpusun nümayəndələri, biznes təmsilçiləri, ictimai-siyasi xadimlər, Azərbaycan diasporunun üzvləri və KİV nümayəndələri iştirak edib.
Təntənəli ziyafətdə baş dirijor Harald Bardzinşin rəhbərlik etdiyi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səsləndirilib.
Tədbirin rəsmi hissəsində Azərbaycan səfiri Cavanşir Axundov çıxış edib. Səfir müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixindən danışıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin xarici və daxili siyasətdə tarixi uğurlara nail olduğunu qeyd edib. Səfir bildirib ki, bu gün Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər keçirilir, mədəniyyətlərarası dialoqun inteqrasiya dəyərləri təbliğ olunur: “Bununla bərabər, Azərbaycan dünyanın idman mərkəzlərindən biri kimi nüfuzlu idman yarışlarına ev sahibliyi edir və bu, ümumi inkişafı, ölkəmizin qüdrətini bir daha nümayiş etdirir. Bu gün Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzlərindən biridir”.
C.Axundov ölkəmizin əsas problemini - Azərbaycan torpaqlarının 20 faizinin işğalı ilə nəticələnən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilmədiyini diqqətə çatdırıb. Səfir bildirib ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizin ayrılmaz hissəsi kimi tanınır.
Diplomat qarşılıqlı faydalı əməkdaşlığın yeni sahələrini tapmağın vacibliyini vurğulayaraq, Azərbaycan-Latviya münasibətlərinin uğurla inkişaf etdiyini bildirib.
Tədbirdə Azərbaycan və Latviya bəstəkarlarının əsərləri səsləndirilib.
Riqa klassik gimnaziyası yanında Azərbaycan bazar günü məktəbinin şagirdləri doğma dildə Azərbaycan haqqında şeirlər oxuyublar.
Qonaqlar Azərbaycan milli mətbəxinin yeməklərini dadıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa