DÜNYA
Latviyada beynəlxalq hərbi təlimlər keçiriləcək
Riqa, 11 fevral, AZƏRTAC
Bu ilin baharında və yayında Latviyada bir neçə min əsgərin iştirakı ilə hərbi təlimlər keçirilməsi nəzərdə tutulur.
AZƏRTAC LETA agentliyinə istinadla xəbər verir ki, bu məlumat Latviya Müdafiə Nazirliyi tərəfindən hazırlanmış sənəddə əks olunub.
Aprelin 12-dən mayın 5-dək Latviyada bu ölkənin Milli Silahlı Qüvvələrinin və xarici ölkələrin silahlı qüvvələrinin “Furious Hammer” adlı birgə taktiki səhra hərbi təlimləri keçiriləcək. Təlimlərdə Estoniyanın hərbi qulluqçuları və NATO-nun Böyük Britaniya, Fransa və Danimarkadan olan döyüş qrupunun Estoniyada yerləşdirilmiş nümayəndələri iştirak edəcəklər.
Mayın 13-25-dək Latviyada keçiriləcək “Summer Shield XVI” hərbi təlimlərində müxtəlif taktiki əməliyyatların planlaşdırılması və idarə edilməsi qaydaları təcrübədən keçiriləcək. Təlimlərdə Latviya Silahlı Qüvvələrinin və Kanada başda olmaqla NATO-nun döyüş qrupu bölmələri, habelə ABŞ hərbi qulluqçuları iştirak edəcəklər.
İyunun 26-dan iyulun 9-dək Latviya ordusunun və digər dövlətlərin silahlı qüvvələrinin “Jef (M) 19 Amphibex” birgə hərbi təlimlərində dənizə desant çıxarılması vərdişləri təkmilləşdiriləcək. Bu təlimlərdə İsveç, Finlandiya və NATO-nun üzv dövlətlərinin hərbi qulluqçuları iştirak edəcəklər.
Aygün Əliyeva
AZƏRTAC–ın xüsusi müxbiri
Riqa