DÜNYA
Latviyada bir sıra məhdudiyyətlər yumşaldılıb
Riqa, 30 may, AZƏRTAC
Latviya Seymi COVID-19 pandemiyasına görə ölkədə tətbiq edilmiş karantin rejimində məhdudiyyətlərin yumşaldılması ilə bağlı hökumətin qərarını təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, qərara əsasən, şəxsi gigiyena qaydaları və sanitar normalara, tələb və tövsiyələrə ciddi riayət etmək şərtilə bədii kollektivin − xorların, rəqs qruplarının, instrumental və vokal ansamblların, həvəskar teatrların, folklor qruplarının və digər sənət kollektivlərinin mütəşəkkil fəaliyyəti və açıq məkanda bərpasına icazə verilir.
Təhsil Nazirliyi uşaq düşərgələrin və imtahanların təşkili məqsədilə sanitariya protokolu hazırlayacaq. İyunun 1-dən etibarən dövlət imtahanlarının, orta və ali təhsil müəssisələrində imtahanların keçirilməsinə başlanacaq. Bundan əlavə, davamlı peşə təhsili, böyüklər üçün qeyri-rəsmi təhsil proqramları üzrə əyani təhsilin, həmçinin dərnəklərin, seksiyaların keçirilməsinə də icazə verilir.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa