DÜNYA
Latviyada ərəb dilini və ərəb mədəniyyətini öyrənmək istəyənlərin sayı artıb
Riqa, 29 avqust, AZƏRTAC
Son vaxtlar Latviya Universitetində və Latviya Ərəb Mədəniyyəti Mərkəzində ərəb dilini və ərəb mədəniyyətini öyrənmək istəyənlərin sayı xeyli artıb.
Yerli KİV-lərin verdiyi məlumata görə, Latviya Universitetinin humanitar elmlər fakültəsinin ərəb bölməsinə daxil olmaq üçün əvvəllər heç vaxt builki qədər böyük müsabiqə olmayıb. Bu il 83 abituriyent ərəb dilini və islam dinini öyrənmək üçün universitetə ərizə verib. Büdcədən maliyyələşdirilən hər yerə 6 nəfər iddia edirdi.
Universitetin Asiya studiyasının rəhbəri Yanis Priyede deyib: “Təhlükəsizlik baxımından ağlabatan tələblərə riayət etmək və bu dil ilə tanış olmaq zərurəti bir məsələdirsə, buraya gələn və sayı get-gedə artan ərəblərlə sosial iş aparmaq başqa məsələdir. Avropa ərəblərlə dolub”.
Latviya Universitetinin ərəb dili bölməsində büdcədən maliyyələşdirilən yeni tələbə yerlərinin sayı ilk dəfədir ki, bu qədər çox – 16 yer müəyyən edilib. Bunun üçün Çin və yapon bölmələrində büdcədən maliyyələşdirilən tələbə yerlərinin sayını azaltmaq lazım gəlib. Ərəb bölməsində pullu yerlərin sayı 40-dır.
Y.Preyede daha sonra deyib: “Biz bir neçə il bundan əvvəl bu qrupu əsasən öz təşəbbüsümüzlə yaratmışdıq. O vaxt ölkədə vəziyyətin dəyişməsi bunu tələb edirdi”.
Müəssisələr və özəl biznes bu universitetdən ərəb dili tərcüməçiləri istəyirlər, lakin hələlik onlara təklif ediləsi mütəxəssislər yoxdur. Yeni dilçilərin ilk buraxılışı üç ildən sonra olacaq.
Y.Preyede deyib: “Bizdə mütəxəssislərin sayı çox cüzidir. Məhkəmələrdə işləyəsi kadrlar yoxdur, tərcüməçilər, o cümlədən biznes üzrə tərcüməçilər çatışmır. İndi ərəbcə danışan regionlardan əlavə İran da açıq olacaq”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa