MƏDƏNİYYƏT
Latviyada rəqs müsabiqəsində həmvətənlərimizin “Çinar” rəqs ansamblı finala yüksəlib
Riqa, 19 oktyabr, AZƏRTAC
Riqada “Hər şey Latviya üçün” rəqs müsabiqəsi keçirilib. Latviyanın 100 illiyinə həsr olunmuş müsabiqədə bu ölkədə yaşayan xalqların nümayəndələri milli rəqsləri ilə çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, Riqada yaşayan azərbaycanlı həmvətənlərimizin “Çinar” rəqs ansamblı da müsabiqəyə qatılan 600 qrup arasında fərqlənərək finala yüksəlib.
“Çinar” rəqs qrupunda çıxış edən Ayla Cəfərova, Əminə Mahmudova və Emiliya Mahmudova “Sarı gəlin” rəqsi ilə finala çıxan 44 qrupun arasındadır.
Latviyada yaşayan müxtəlif xalqların nümayəndələrinin iştirak etdiyi müsabiqə artıq üç ildir keçirilir. Məqsəd xalqlararası mədəniyyətlərin vəhdəti, onların Latviya tərkibində milli mənsubiyyətinin dərk edilməsi, həmçinin bu ölkəyə olan bağlılıqlarının gücləndirilməsidir. Bu ilki tədbir Riqa Şəhər Meriyası tərəfindən Riqa Dumasının təhsil, mədəniyyət və idman departamentinin dəstəyi ilə həyata keçirilib.
Final oktyabrın 22-də baş tutacaq.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa