SİYASƏT


Latviyadakı Azərbaycan diasporu Dünya azərbaycanlılarının III qurultayının qərarlarından irəli gələn vəzifələri müzakirə etmişdir

Riqa, 5 dekabr (AZƏRTAC). Riqadakı Konqres Evində Latviyadakı Azərbaycan diasporunun Dünya azərbaycanlılarının III qurultayının qərarlarından irəli gələn vəzifələrinə həsr edilmiş yığıncağı olmuşdur.

Tədbirdə “Ocaq” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Roman Əliyev çıxış etmişdir. O, yığıncaqda müzakirə ediləcək başlıca məsələnin Dünya azərbaycanlılarının iyulun 5-6-da Bakıda keçirilmiş III qurultayında diaspor təşkilatları qarşısında qoyulmuş vəzifələrlə əlaqədar olduğunu diqqətə çatdırmışdır. Demişdir ki, bu forumda Azərbaycan dünyasını xaricdə işləyən, yaşayan və mədəniyyətimizi təbliğ edənlər təmsil etmişlər. R.Əliyev demişdir: “Qeyd etməliyəm ki, qurultaydan sonrakı dövrdə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmuşdur. Bu, Azərbaycan diplomatiyasının çox böyük nailiyyətidir, Prezident İlham Əliyevin müstəsna xidmətidir”.

“Ocaq” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri bildirmişdir ki, Prezident İlham Əliyev Dünya azərbaycanlılarının III qurultayındakı nitqində xaricdə yaşayan Azərbaycan icmalarına və diplomatik nümayəndəliklərə birliyi möhkəmləndirməyi, öz işlərini sıx əlaqə və əməkdaşlıq üzərində qurmağı tövsiyə etmişdir. O, həmçinin diqqəti buna cəlb etmişdir ki, qurultayda Azərbaycan gerçəkliklərini, onun bütün sahələrdə qazandığı nailiyyətləri təbliğ etmək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqəti yaşadıqları ölkələrin əhalisinə çatdırmaq, xaricdə ölkəmizin müsbət imicini formalaşdırmaq üçün bütün imkanlardan, informasiya resurslarından, o cümlədən internetdən istifadə etməyin zəruriliyi diaspor təşkilatlarının qarşısına mühüm vəzifə kimi qoyulmuşdur.

R.Əliyev qeyd etmişdir ki, Azərbaycanın sürətli iqtisadi inkişafı, ölkənin hərtərəfli tərəqqisinə və onun əhalisinin güzəranının yaxşılaşdırılmasına yönəldilmiş islahatlar həm də bütün dünyada Azərbaycan diasporlarının fəaliyyətinin genişlənməsinə, onların yaşadıqları ölkələrlə Azərbaycan arasında əməkdaşlığın möhkəmlənməsinə kömək göstərir. O demişdir: “Biz hamımız Latviya cəmiyyətinə inteqrasiya etmişik, gənclərimiz Latviyada yaxşı təhsil alırlar. İstərdik ki, azərbaycanlı gənclər təkcə Latviyanı deyil, Azərbaycanı da Latviyada fəal təmsil etsinlər”.

“Ocaq” Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Latviya-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsi üçün bu ölkədəki Azərbaycan diasporunun səylərini gücləndirməyin vacib olduğunu bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, Latviyada yaşayan azərbaycanlılar sıx birləşməli, ölkənin müxtəlif siyasi qurumlarında, özünüidarə orqanlarında, parlamentində daha geniş təmsil olunmalıdırlar. R.Əliyev demişdir: “Biz Latviya ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsi barədə, Azərbaycanda milyonlarla qaçqının olduğu barədə, Xocalı soyqırımı haqqında daha geniş məlumat verməliyik. Litvada, Estoniyada, İsveçdə, Finlandiyada, Polşada yaşayan həmvətənlərimizlə əlaqə yaratmaq, yekdillik, fəal mövqe nümayiş etdirmək lazımdır”. O, bu işdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin böyük kömək göstərdiyini qeyd etmişdir.

Çıxışının sonunda R.Əliyev diaspor təşkilatlarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirmişdir. O qeyd etmişdir ki, Latviya azərbaycanlıları bütövlükdə dövlət başçısının siyasi kursunu dəstəkləyirlər.

Sonra Dünya azərbaycanlılarının III qurultayının nümayəndəsi, Azərbaycan diasporunun ağsaqqalı A.Məmmədov çıxış etmişdir. Ulu öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” sözlərini misal gətirən ağsaqqal demişdir ki, diaspor təşkilatları Azərbaycan dövlətinin başçısının yürütdüyü siyasəti dəstəkləməlidirlər. A.Məmmədov, həmçinin xaricdə yaşayan azərbaycanlıların sıx birləşməsinə, Azərbaycanın dünyada populyarlaşmasına, xalqımızın zəngin mədəni irsinin qorunub saxlanmasına və təbliğ edilməsinə Heydər Əliyev Fondunun böyük kömək göstərdiyini qeyd etmişdir.

Yığıncağın iştirakçıları Latviyada yaşayan bütün azərbaycanlıların birləşməsi və yekdil olması, Latviya Azərbaycanlılarının Vahid Assosiasiyasının yaradılması barədə təklif irəli sürmüşlər.

Tədbirin sonunda Latviya azərbaycanlıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Mükafatların təqdim olunması mərasimində və “ОЕ VIDEO MUSIC AWARDS 2011” qala-konsertində iştirak etmək üçün Riqaya gəlmiş “Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal yığıncağın qonağı olmuşlar.

Eldarla Nigar toplaşanlara müraciət edərək aeroportda səmimi qarşılandıqları üçün minnətdarlıqlarını bildirmiş və demişlər: “Bizə səs verdiyinizə və inandığınıza görə sizə təşəkkürümüzü bildirmək istəyirik”.

Nigar Hüseynova

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.