CƏMİYYƏT


Latviyalı mütəxəssislərlə fitosanitar tədbirlərin gücləndirilməsi ilə əlaqədar müzakirələr aparılıb

Bakı, 23 sentyabr, AZƏRTAC

“Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” üzrə Tvinninq layihəsi çərçivəsində Qida Təhlükəsizliyi İnstitutunun Milli Referens Laboratoriyasında görüş keçirilib.

İnstitutun İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihənin keçirilməsində məqsəd bitki mənşəli qidaların, eləcə də yemlərin qida təhlükəsizliyi sistemində əhəmiyyətini diqqətə çatdırmaq, sanitar və fitosanitar qaydalara uyğun qanunvericiliyi daha da inkişaf etdirib təkmilləşdirmək, həmçinin beynəlxalq standartlara uyğunlaşdırmaqdan ibarətdir.

Latviyanın BIOR laboratoriyasının Kimya departamentinin müdiri Vadims Bartkeviçs və departamentin mütəxəssisi İveta Puqajevaya ölkəmizdə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının qorunması, karantin nəzarətinin həyata keçirilməsində mühüm rol oynayan laboratoriyaların fəaliyyəti barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən Milli Referens Laboratoriyasında idxal-ixrac və ölkədə istehsal olunan qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə, baytarlıq-sanitariya və fitosanitar təhlükəsizliyin təmin edilməsi məqsədilə müxtəlif müayinələr həyata keçirilir. Beynəlxalq standartlara uyğun metodlarla aparılan müayinələrin nəticələrinin dünyanın qabaqcıl ölkələrinin laboratoriyaları ilə uyğunluq təşkil etdiyi qonaqların diqqətinə çatdırılıb.

Milli Referens Laboratoriyasına baxış keçirilib və qonaqlar buradakı iş prinsipi ilə tanış olublar. Xüsusilə də pestisidlərin və mikotoksinlərin təyin edilməsi üzrə analizlərin aparılması barədə geniş fikir mübadiləsi aparılıb. Həmçinin pestisidlərin və digər aqrokimyəvi maddələrin qalıq miqdarının və təhlükəli cəhətlərinin müəyyən edilməsi metodikasının daha da təkmilləşdirilməsi istiqamətində birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşdə “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” üzrə Tvinninq layihəsi çərçivəsində əməkdaşlığın əhəmiyyətindən bəhs edilib, mütəxəssisləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.