ELM VƏ TƏHSİL
Latviyalı professor Əlyazmalar İnstitutunda ərəbdilli əlyazmalarla maraqlanıb
Bakı, 19 may, AZƏRTAC
Latviya Universitetinin professoru Kaspars Klavinç AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, institutun icraçı direktoru professor Paşa Kərimov, elmi katib filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə və Beynəlxalq elmi-mədəni əlaqələr şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Babaxanova qonağa müəssisənin əsas fəaliyyət istiqamətləri, burada qorunan Şərq əlyazmaları, onların tətbiqinə dair görülən işlər haqqında məlumat veriblər.
Professor Kaspars Klavinç burada mühafizə olunan ərəbdilli əlyazmalarla maraqlandığını, eyni zamanda, elmin tarixi üzrə araşdırmalar apardığını söyləyib. Bildirib ki, bu vaxta qədər o, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və musiqisi haqqında çox araşdırmalar aparıb və ölkəmizi, eyni zamanda, Əlyazmalar İnstitutunu məhz bu məqsədlə ziyarət edib.
Müzakirə zamanı qərara alınıb ki, Kaspars Klavinçin yazdığı məqalələr institutun “Əlyazmalar yanmır” jurnalının ingiliscə buraxılışına, institut alimlərinin də məqalələri müvafiq olaraq ingilis dilinə tərcümə edilərək Latviya Universitetinin jurnallarına göndəriləcək. Bildirilib ki, ilkin dövrdə bu kimi layihələrin planlı şəkildə müzakirəsi gələcəkdə iki ölkə arasında elmi-mədəni əlaqələrin genişlənməsinə yol aça bilər.
Daha sonra professor institutun Ekspozisiya zalını ziyarət edib və burada nümayiş olunan daimi sərgi ilə yanaşı, “Şuşa İli” çərçivəsində təşkil olunmuş “Şuşa Qarabağın incisidir” mövzusunda sərgi ilə tanış olub. O, Üzeyir Hacıbəyli haqqında dərin biliyə malik olduğunu nümayiş etdirib və təəssüratları ilə bağlı xatirə kitabına ürək sözlərini qeyd edib.
Sonda qonağa institutun nəşrlərindən ibarət kitablar hədiyyə olunub.