REGİONLAR
Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Gəncədə erməni vəhşiliyinin şahidi olub






Gəncə, 31 may, E.Məmmədov, AZƏRTAC
Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Viya Buşa Gəncə şəhərinə səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində diplomat Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmış əraziyə baş çəkib. Viya Buşaya törədilən terror barədə geniş məlumat verilib. Bildirilib ki, 2020-ci ildə Gəncə şəhəri ümumilikdə 5 dəfə raket atəşinə məruz qalıb. Nəticədə 6-sı uşaq və yeniyetmə olmaqla, ümumilikdə 26 nəfər həlak olub. Ümumilikdə 142 insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Diplomat terror zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq əraziyə gül dəstələri düzüb.