CƏMİYYƏT


Latviyanın ölkəmizdəki səfirinə Ermənistanın təcavüzkar siyasəti və son günlər törətdiyi təxribatlar barədə məlumat verilib

Bakı, 14 oktyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayev Latviya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daynis Qarançsa Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları və son günlər ölkəmizin iri şəhər və kəndlərini, yaşayış məntəqələrini, mülki obyektləri məqsədyönlü şəkildə ağır artilleriyadan intensiv atəşə tutması nəticəsində dinc əhali arasında həlak olanlar və yaralananlar olduğu barədə məlumat verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin hələ də icra olunmadığı, əksinə, işğal olunmuş ərazilərdə cinayətkar və qondarma rejim yaradaraq qanunsuz fəaliyyət göstərdiyi qeyd olunub.

Təəssüflə bildirilib ki, uzun illərdir işğalçı Ermənistan təkcə xalqımıza qarşı deyil, eyni zamanda, təbiətimizə və təbii sərvətlərimizə qarşı da terror həyata keçirir.

Ermənistanın Azərbaycana qarşı son günlərdəki hərbi təxribatları və 30 il davam edən təcavüzü nəticəsində ölkəmizin təbiətinə və regionun ətraf mühitinə vurduğu ziyan barədə ölkələrə və beynəlxalq təşkilatlara müraciətlərin göndərildiyi bildirilib.

Latviyanın istər ikitərəfli, istərsə də beynəlxalq platformalarda Azərbaycanın müstəqilliyi və suverenliyinə, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstəyi vurğulanıb.

Müzakirələr zamanı Ermənistanın Azərbaycana qarşı sonuncu hərbi təxribatı ilə əlaqədar Latviyanın bir sıra dövlət rəsmilərinin ölkəmizin beynəlxalq hüquq prinsiplərinə əsaslanan haqlı mövqeyini dəstəklədiyi qeyd olunub.

Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində fəaliyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. İki ölkə arasında ikitərəfli münasibətlərin perspektivləri, müqavilə-hüquq bazasının inkişafı, ekologiya, energetika, kənd təsərrüfatı, turizm, təhsil, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları məsələləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.