İQTİSADİYYAT


Latviyanın ticarət subyektləri “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullara yüksək maraq göstərir

Riqa, 8 oktyabr, AZƏRTAC

Cari ilin iyul ayında Riqada fəaliyyətə başlamış Azərbaycan Ticarət Evi iki ölkə arasındakı iqtisadi dövriyyənin həcmini artırmaq istiqamətində işini uğurla davam etdirir. Ticarət Evinin fəaliyyətinin dəyərləndirilməsi ilə bağlı Milli Məclisin deputatı, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

-Latviyadakı Azərbaycan Ticarət Evinin hazırkı fəaliyyətini necə qiymətləndirirsiniz?

-Azərbaycanın xarici ölkələrlə ticari-iqtisadi münasibətlərinin gücləndirilməsi, yerli ixracatçıların maraqlarının qorunması, yerli məhsullarımızın xarici bazarlara çıxışının təmin edilməsi, ixracın stimullaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsində səmərəliliyin və çevikliyin artırılması məqsədilə müxtəlif addımlar atılır. Həmin tədbirlər sırasında dünyanın müxtəlif ölkələrində Azərbaycan Ticarət evlərinin açılmasını, Azərbaycanda istehsal olunan məhsulların dünya bazarlarına çıxarılmasını göstərmək olar. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ticarət Evinin Latviyanın paytaxtı Riqa şəhərində açılması “Made in Azerbaijan” brendinin Baltikyanı və Avropa ölkələrində təşviq edilməsinə və yerli məhsullarımızın ixrac həcminin artırılmasına əsaslı zəmin yaradıb. Ticarət Evinin fəaliyyətinə gəldikdə isə bir məqamı nəzərinizə çatdırmaq istərdim ki, bu qurum adi bir pərakəndə satış mağazası kimi deyil, Azərbaycanda istehsal olunan məhsulların təşviq edilməsi, Azərbaycan istehsalçılarının Baltikyanı ölkələrin bazarlarına cəlb edilməsi, həmin dövlətlərin ticarət şəbəkələrinin məhsullarımıza marağının artırılmasının təmin edilməsi ilə məşğul olan bir mərkəz kimi çıxış edir. Bildiyiniz kimi, bu ilin iyul ayında Azərbaycan Ticarət Evinin Riqada açılışı zamanı Azərbaycan şirkətlərinin müxtəlif növ məhsullarının sərgisi təşkil olunub. Daimi fəaliyyət göstərən sərgidə Azərbaycan şirkətlərinin istehsal etdiyi 70 çeşidə yaxın şərab məhsulları, 26 çeşiddə konyak, 10 çeşiddə araq, 26 çeşiddə çay, 23 çeşiddə meyvə şirələri və kompotlar, 70 çeşiddən çox digər məhsullar, o cümlədən bitki yağları, zeytun, fındıq, düyü, meyvə-tərəvəz, tekstil və kosmetik məhsullar, sənaye malları, turizm xidmətləri nümayiş olunub. Açılışından cəmi iki ay keçməsinə baxmayaraq, Ticarət Evi olduqca səmərəli fəaliyyət göstərir, Azərbaycan və Latviya şirkətləri arasında ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində təsirli addımlar atır.

-Ticarət Evinin fəaliyyətə başlaması Azərbaycan məhsullarının Latviyaya ixracında hansı müsbət dəyişikliklərə gətirib çıxarıb?

-Ticarət Evinin rəhbərliyinin səmərəli fəaliyyəti nəticəsində Latviyanın bir sıra iri ticarət şəbəkələri ilə əlaqələr qurulub. Hazırda həmin qurumlarla müxtəlif Azərbaycan məhsullarının Latviyaya ixrac edilməsi, onların Latviyanın ticarət obyektlərinə çatdırılması istiqamətində danışıqlar gedir. Bu da onu göstərir ki, Latviyanın ticarət subyektləri “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullara kifayət qədər yüksək maraq göstərir. Əminəm ki, yaxın gələcəkdə Azərbaycanın geniş çeşidli məhsullarını Latviyanın mağazalarında görəcəyik. Bununla yanaşı, Azərbaycan Ticarət Evinin fəaliyyət dairəsi yalnız Baltikyanı dövlətlərin bazarları ilə məhdudlaşmır. Ticarət Evi tərəfindən Azərbaycan məhsullarının Skandinaviya ölkələrində də təşviq edilməsi və həmin ölkələrin bazarlarına çıxarılması istiqamətində tədbirlər görülür.

-Əsasən hansı məhsullara maraq böyükdür?

-Qeyd etdiyim kimi, Ticarət Evi cəmi iki aydır fəaliyyət göstərir. Bu qurum vasitəsilə Azərbaycan istehsalçıları və Latviya ticarət müəssisələri arasında əlaqələr qurulur, ixrac imkanları qiymətləndirilir, müvafiq danışıqlar gedir, sənədlər hazırlanır. Düşünürəm ki, bu iş başa çatandan sonra hansı məhsullarımıza marağın daha böyük olduğu barədə danışa bilərik.

-Azərbaycan iş adamlarının marağı nə dərəcədədir və gələcəkdə bu evin köməyi ilə brend mağazaların açılması gözlənilirmi?

-Ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsi hər zaman dövlət başçılarının diqqət mərkəzindədir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən ilin iyul ayında Latviya Respublikasına rəsmi səfəri çərçivəsində iki ölkə başçısı arasında keçirilmiş görüşdə Azərbaycan və Latviya arasında ticarət dövriyyəsinin artırılması üçün imkanların araşdırılması, ixrac-idxal potensialının müəyyənləşdirilməsi sahəsində əməkdaşlıq məsələləri geniş müzakirə olunub. Hər iki prezidentin iştirakı ilə Azərbaycanın İqtisadiyyat Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Latviyanın İnvestisiya və İnkişaf Agentliyinin təşkil etdiyi Latviya-Azərbaycan biznes forumu keçirilib, həmin tədbirdə hər iki tərəfdən 120-dən çox şirkəti təmsil edən 200-dək sahibkar iştirak edib. Bu baxımdan, Latviyada Azərbaycan Ticarət Evinin açılması da dövlətlərimizin başçılarının ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin inkişafına göstərdikləri xüsusi diqqətin əyani göstəricisi kimi qiymətləndirilməlidir. Bütün bu tədbirlər onu göstərir ki, Azərbaycanın iş adamları Latviya biznes dairələri ilə möhkəm və dayanıqlı əlaqələr qurmaq marağındadır. Yaxın gələcəkdə bu əməkdaşlıq çərçivəsində Azərbaycan Ticarət Evinin dəstəyi ilə biz ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin əhəmiyyətli dərəcədə genişlənməsinin şahidi olacağıq.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.