SİYASƏT


Latviyanın xarici işlər naziri BMT Baş Məclisinin sessiyasında Azərbaycanın ərazi bütövlüyünə dair fikir bildirib

Riqa, 10 oktyabr, AZƏRTAC

Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçs Nyu-Yorkda BMT Baş Məclisinin 73-cü sessiyasında çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünə dair fikir bildirib. Nazir Latviyanın beynəlxalq ictimaiyyətlə birlikdə Krımın anneksiyasının tanınmaması siyasətinə sadiq qaldığını deyib, beynəlxalq hüququn normaları və ədalət bərqərar olmaqla Ukraynanın, həmçinin Avropa İttifaqının digər Şərq tərəfdaşlarının ərazi bütövlüklərinin bərpa ediləcəyinə inandığını vurğulayıb.

Analoji münaqişələrə məruz qalmış ərazilərin adlarını sadalayan Edqars Rinkeviçs qeyd edib ki, BMT digər aidiyyəti regional iştirakçılarla birlikdə Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiyada uzunçəkən münaqişələrin həlli prosesinə daim cəlb olunmalı və sadiqlik göstərməlidir.

Latviya XİN-in rəhbəri çıxışında bütün ölkələrin beynəlxalq standartlardan kənar qalmadan bir-birilərinin təhlükəsizliyini təmin etməli olduqlarını deyib. “BMT-nin preventiv fəaliyyətinin əsas məqsədi davamlı inkişafın təminatı olmalıdır. Bu halda qeyri-sabitlik və münaqişələrin ilkin səbəbləri aradan qaldırılacaq. Məqsədimiz insan ləyaqətinin müdafiəsi, yoxsulluğun aradan qaldırılması, iqtisadi əməkdaşlıq və sosial inkişaf tədbirlərinin davamıdır”, - deyə Edqars Rinkeviçs vurğulayıb.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.