SİYASƏT
“Lavanguardia” Ermənistanın Azərbaycanın mülki obyektlərinə hücumlarından yazır
Madrid, 5 oktyabr, AZƏRTAC
İspaniyanın “Lavanguardia” qəzetində Ermənistanın Azərbaycanın mülki obyektlərinə hücumlarından bəhs edən məqalə dərc olunub. AZƏRTAC xəbər verir ki, məqalədə bazar günü səhər Azərbaycanın ikinci böyük şəhəri - Gəncədə mülki hədəflərin Ermənistan ərazisindən raket atəşinə tutulması barədə məlumat verilir.
İspan qəzeti Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə istinad edərək, ermənilərin Azərbaycandakı mülki obyektlərə hücumlarının təsadüfi olmadığını yazır. Bildirilir ki, Ermənistanın sistematik hücumları bunun Ermənistan ordusu tərəfindən əvvəlcədən hazırlanmış və döyüş hazırlığı proqramına daxil edilmiş plan olduğunu göstərir.
Vurğulanır ki, Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrini məhv etmək və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün kifayət qədər reaksiya göstərir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid