REGİONLAR
Layihə rəhbəri: Məqsədimiz kiçik istehsalçılara qida məhsullarının istehsalı və satışında yardım etməkdir
Qax, 12 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən icra olunan “Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüzivaqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Layihədə əsas tərəfdaşlarımızdan biri də Kənd Təsərrüfatı Nazirliyidir. Layihənin əsas məqsədi respublikanın şimal-qərb bölgəsində istehsal qruplarını formalaşdıraraq, yerli ərzaq məhsullarının istehsalında və bu məhsulların bazara çıxarılmasında istehsalçılara yardım göstərməkdir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qaxda keçirilən qida yarmarkasında “Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüzivaqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsinin rəhbəri Yusif Axundov deyib.
Layihə rəhbərinin sözlərinə görə, sözügedən layihə çərçivəsində indiyədək istehsalçılara biznes səriştələrinin artırılması, qida təhlükəsizliyi və digər sahələr üzrə 100-dən çox təlim keçirilib.
Yusif Axundov bildirilib ki, növbəti mərhələdə istehsalçı qruplara öz işlərini genişləndirmək üçün istehsal avadanlıqları təqdim ediləcək. Belə sərgi-yarmarkaların növbəti həftənin sonunda Zaqatala və Balakən rayonlarında da keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, layihə çərçivəsində turistlər üçün 3 ferma turu da təşkil ediləcək.