ELM VƏ TƏHSİL


Layihələrin idarə edilməsi üzrə mütəxəssis hazırlığında AzMİU-nun təcrübəsi yüksək qiymətləndirilib

Bakı, 17 fevral, AZƏRTAC

Layihələrin İdarə Edilməsi Assosiasiyası (AzPMA), BP və onun tərəfdaşları tərəfindən birgə həyata keçirilən “Ali təhsil müəssisələrində layihələrin idarə olunması üzrə potensialın gücləndirilməsi” layihəsinin yekun mərasimi keçirilib. “Zoom” platforması üzərindən keçirilən mərasimdə Təhsil Nazirliyinin, BP şirkəti və onun tərəfdaşlarının məsul şəxsləri, ali təhsil müəssisələrinin rektorları, layihə iştirakçıları və KİV nümayəndələri iştirak ediblər.

Bu barədə AZƏRTAC-a Azərbaycan Memarlıq və İnşaat Universitetindən (AzMİU) məlumat verilib. Bildirilib ki, tədbirdə AzPMA-nın prezidenti İqbal Babayev layihə barədə danışıb. Qeyd edib ki, layihənin məqsədi ali təhsil müəssisələrində layihələrin idarə olunması üzrə mütəxəssislərin hazırlanması və tədris metodik bazasının yaradılmasıdır. Ali təhsil müəssisələrinin hər birində layihələrin idarə olunması üzrə 3 mütəxəssis hazırlanıb. Bu mütəxəssislər üçün beynəlxalq dərəcəli ekspertlər tərəfindən 20 saat kurslar keçirilib və həmin şəxslər Beynəlxalq Layihənin İdarə Edilməsi Assosiasiyası tərəfindən beynəlxalq dərəcəli layihə meneceri statusu alıblar. Onlara verilən sertifikatlar dünyanın 72 ölkəsində tanınır və Vahid Beynəlxalq Reyestrdə qeydiyyatdan keçib.

Bildirilib ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin təşəbbüsü ilə dərslik hazırlanıb və Təhsil Nazirliyi tərəfindən ali məktəblər üçün dərs vəsaiti kimi təsdiq olunub. Dərsliyin müəllifi postsovet məkanında layihələrin idarə olunması üzrə ilk elmlər doktoru, Kiyev İnşaat və Memarlıq Milli Universitetinin Layihələrin idarə edilməsi kafedrasının professoru İqbal Babayevdir. Kitab ali məktəb tələbələri, magistr, aspirant və elmi-pedaqoji fəaliyyətlə məşğul olan əməkdaşlar üçün nəzərdə tutulur.

İ.Babayev vurğulayıb ki, faktiki olaraq BP və onun tərəfdaşlarının birbaşa dəstəyi ilə ali təhsil sistemində layihə menecmenti üzrə müasir standartlara yiyələnmiş böyük bir qrup formalaşıb və bu mütəxəssislərin fəaliyyətinin sinergetik effekti yaxın illərdə özünü göstərəcək.

Digər çıxışlarda da AzMİU-nun bu istiqamətdə apardığı fəaliyyət yüksək qiymətləndirilib, universitetin təşəbbüsü və daxili imkanları hesabına layihə menecmenti üzrə magistr pilləsində mütəxəssis hazırlığına başlanması və ən yüksək bal toplayan tələbələrin bu ixtisasda təhsil almaları xüsusi vurğulanıb.

Xatırladaq ki, AzMİU-da 2019/2020-ci tədris ilində dünyanın qabaqcıl ali təhsil məktəblərinin proqramlarına uyğun olan “Layihələrin idarə edilməsi” üzrə magistr proqramı təşkil olunub. 2019/2020-ci ilin qəbul planında bu ixtisasa 10 yer, 2020/2021-ci ilin qəbul planında 12 yer Azərbaycan bölməsinə, 5 yer ingilis bölməsinə ayrılıb. Hər iki tədris ilində qəbulun nəticəsi 100 faiz olub. Hazırda bu ixtisasda 27 tələbə təhsil alır. Bu ixtisaslaşmaya inşaat mühəndisliyi, meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi, nəqliyyat tikintisi mühəndisliyi, sənayenin təşkili və idarə edilməsi ixtisaslarının məzunları sənəd verə bilirlər.

İxtisas üzrə kadr hazırlığına universitetin əməkdaşları ilə birgə kənardan mütəxəssislər də dəvət olunub. Onların əksəriyyəti Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyasının təlimçiləridir. Bu ildən “Layihələrin idarə edilməsi” ixtisaslaşması üçün ayrıca İxtisaslaşdırılmış Elmi Şuranın yaradılması da nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.