CƏMİYYƏT
Layihələrin idarə olunması və mentorluq üzrə təlimlər keçirilib
Bakı, 8 sentyabr, AZƏRTAC
Təhsil sahəsində ixtisaslaşan “Education HUB”un təşkilatçılığı və MitOst Assosiasiyasının dəstəyi ilə gənclər üçün “Layihələrin idarə olunması” mövzusunda təlimlər keçirilib.
AZƏRTAC xəbər verir ki, “İnkişaf zamanı” proqramı çərçivəsində “İncəsənət sosial inkişafda vasitə kimi” mövzusunda keçirilən onlayn təlimlərə Azərbaycanın müxtəlif bölgələrindən gənclər qatılıblar.
Proqram iştirakçıları müxtəlif incəsənət vasitələrindən istifadə etməklə yeni layihələr hazırlayıblar.
Təlim zamanı gənclər layihə idarəçiliyin əsaslarını öyrənərək büdcə, effektiv kommunikasiya, iş bölgüsü, fandreyzinq, hədəf qrupları ilə iş, vaxtın idarə olunması və s. mövzulara dair biliklər əldə ediblər. Qeyri-formal təhsil vasitələrindən istifadə etməklə öyrənilən məlumatlar praktiki sessiyalarla davam edib. Eyni zamanda, gənclərin təşəbbüslərinə dəstək vermək üçün mentorlar qrupu formalaşdırılıb və onlara üç gün ərzində müvafiq təlimlər keçirilib.
Beş ay müddətində davam edəcək proqram zamanı iştirakçılar incəsənət vasitələrindən istifadə etməklə yeni təşəbbüslər reallaşdıracaqlar.