SİYASƏT


“Le Monde” Ağdamın işğaldan azad olunmasından yazır

Paris, 20 noyabr, AZƏRTAC

Ağdam - Azərbaycana geri qaytarılmalı olan 3 rayondan biri artıq bu ölkənin nəzarəti altındadır. Otuz ilə yaxın idi Ağdam Ermənistan silahlı qüvvələrinin nəzarətində idi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış bəyanata uyğun olaraq, noyabrın 20-də Azərbaycan Ordusunun bölmələri Ağdama daxil olub.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Fransanın “Le Monde” qəzetində dərc olunmuş məqalədə yer alıb.

Məqalədə altı həftəlik döyüşlərdən sonra Azərbaycanın öz rayonlarını azad etdiyi bildirilir. Qeyd edilir ki, bu rayonlardan bəziləri silah gücünə azad olunub, üçü - Ağdam, Kəlbəcər, Laçın isə bəyanata uyğun olaraq qaytarılır. Məqalədə ermənilərin Ağdamı da yandıraraq tərk etdikləri vurğulanır. Ermənilərin evləri yandırdıqları, azərbaycanlılara yalnız xarabalıqlar qoyduğu qeyd edilir.

Diqqətə çatdırılır ki, 1990-cı illərdə müharibə zamanı Azərbaycan əhalisi bu əraziləri tərk etməli olmuşdu. Ermənistan həmin ərazilərdə erməniləri məskunlaşdırmışdı.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birlikdə azad olunmuş ərazilərə səfər etməsindən də bəhs olunur.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.