İQTİSADİYYAT
Ləğv edilmiş 3 bankın kreditorlarının tələblərinin qeydə alınması prosesi başa çatıb
Bakı, 23 noyabr, AZƏRTAC
“Kredobank”, “Dekabank” və “Parabank” ASC-lərin kreditorlarının tələblərinin qeydə alınması prosesi başa çatıb.
Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.08.2016-cı il tarixli 2-1 (81)-3619/16 saylı qərarı ilə ”Kredobank” ASC müflis elan edilərək bank barəsində iflas proseduruna başlanılıb. Ləğv prosesində olan “Kredobank” ASC-nin kreditorlarının tələblərinin qeydə alınmasına sentyabrın 7-dən başlanılıb və noyabrın 7-də başa çatdırılıb.
Eyni zamanda, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli qərarı ilə məcburi ləğv edilən “Dekabank” ASC-yə və 22.07.2016-cı il tarixli qərarı ilə “Parabank” ASC-yə qarşı avqustun 31-dən kreditorların tələblərin qeydiyyatına başlanıb və oktyabrın 31-də başa çatdırılıb. Bu tarixdən sonra tələblərin qeydiyyatı ilə bağlı müraciət edən kreditorların tələbləri ləğvedici tərəfindən qeydə alınmayacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq, kreditorların tələblərinin irəli sürülməsi müddəti ləğvetmə haqqında ilk məlumatın dərc edildiyi gündən etibarən 60 gündən az ola bilməz.