İQTİSADİYYAT
Ləğv prosesində olan 11 bank üzrə 747,8 milyon manatdan çox kompensasiya ödənilib
Bakı, 29 avqust, AZƏRTAC
Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan 11 bank üzrə 747 milyon 832 min manatdan çox kompensasiya ödənilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, ləğv prosesində olan QSC "Bank Standard" KB-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 596 milyon 499 min manat olmaqla onlardan 554 milyon 593 min manatı qorunan əmanətlər, o cümlədən 441 milyon 154 min manatı kompensasiya olunan əmanətlərdir. Avqustun 25-nə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 437 milyon 643 min manatdan çox kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 99,2 faizi) və 3 milyon 510 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.
"Yunayted Kredit Bank" ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 3 milyon 550 min manat olmaqla onlardan 3 milyon 230 min manatını qorunan əmanətlər, o cümlədən 2 milyon 99 min manatını kompensasiya olunan əmanətlər təşkil edir. Fond tərəfindən qorunan əmanətçilərə ümumilikdə 1 milyon 837 min manatdan çox kompensasiya ödənişi həyata keçirilib (ümumi kompensasiya öhdəliyinin 87,5 faizi) və 262 min 485 manatı ödənilməmiş kompensasiya öhdəliyidir.
"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 191 min (ümumi kompensasiya öhdəliyinin 97 faizi), "Gəncəbank"ın əmanətçilərinə 976 min 441 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 faizi), "Texnikabank"ın əmanətçilərinə 120 milyon 400 min manatdan çox (ümumi kompensasiya öhdəliyinin 98,2 faizi), "Parabank"ın əmanətçilərinə 43 milyon 222 min manatdan çox (ümumi kompensasiya öhdəliyinin 98,5 faizi), "Zaminbank"ın qorunan əmanətçilərinə 72 milyon 196 min manatdan çox (ümumi kompensasiya öhdəliyinin 99,3 faizi), "Kredobank"ın qorunan əmanətçilərinə 27 milyon 914 min manatdan çox (ümumi kompensasiya öhdəliyinin 99,9 faizi), "Dekabank"ın əmanətçilərinə 3 milyon 88 min manatdan çox (ümumi kompensasiya öhdəliyinin 98,7 faizi), "Atrabank"ın qorunan əmanətçilərinə 14 milyon 352 min manatdan çox (ümumi kompensasiya öhdəliyinin 98,2 faizi), "Qafqaz İnkişaf Bankı"nın əmanətçilərinə 2 milyon 4 min manatdan çox (ümumi kompensasiya öhdəliyinin 95,8 faizi) kompensasiya ödənilib.
Qeyd edək ki, "Əmanətlərin sığortalanması haqqında" Qanunun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət (kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ) əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.