İQTİSADİYYAT
Ləğv prosesində olan banklar qorunmayan əmanətlərin ödənişinə başlayıb
Bakı, 12 dekabr, AZƏRTAC
Ləğv prosesində olan “Parabank” ASC-də və "Dekabank" ASC-də qorunmayan əmanətlərin ödənilməsinə başlanılıb.
Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, əmanətçilər ləğv prosesində olan “Parabank” ASC-yə və "Dekabank" ASC-yə müraciət etməklə qorunmayan əmanətlərinin 10 min manata qədər hissəsini geri ala bilərlər. Daha iri məbləğdə əmanətlərin geri ödənilməsinə yaxın günlərdə başlanılacaq və bu barədə Əmanətlərin Sığortalanması Fondu ictimaiyyəti məlumatlandıracaq.
Ödənişlər ləğv prosesində olan “Parabank” ASC-nin baş ofisi daxil olmaqla Bakı şəhəri və regionlarda yerləşən filiallarının, eləcə də "Dekabank" ASC-nin baş ofisinin müştəri xidmətləri şöbələrində həyata keçirilir.