REGİONLAR
Ləki-Qəbələ dəmir yolu xəttində tikinti işlərinin 70 faizi başa çatıb - VİDEOREPORTAJ
Ağdaş, 30 may, Rəşad Türkoğlu, AZƏRTAC
Ölkəmizdə turizmin inkişafına müsbət təsir göstərəcək Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi davam edir. Dəmir yolunun çəkildiyi ərazilərin çox hissəsi relyef baxımından dağlıq ərazi olsa da, torpaq yatağının hazırlanmasının 98 faizi artıq başa çatıb.
AZƏRTAC xəbər verir ki, Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə 2018-ci ildə start verilib və 70 faizi tamamlanıb. Dəmir yolu xətti ox üzrə 42,3 kilometr, yan yollarla birlikdə isə 44,49 kilometrdir. Ləki-Qəbələ dəmir yolu xətti çətin dağlıq relyefdə layihələndirildiyinə görə torpaq yatağı yüksək qazma (90m) və tökmə ərazilərdən (12 m) keçir. 23,24 kilometr dəmir yolunun üst quruluşu üzrə tikinti-quraşdırma işləri yekunlaşıb.
Ləki stansiyasından start götürücək qatar Qəbələdəki hava limanının yanında tikilən dəmir yolu vağzalında dayanacaq. Bakıdan Ağdaşa qədər dəmir yolu düz və hamar olsa da, Ləki stansiyasından Qəbələyə qədər olan xətt enişli-yoxuşlu dağlıq ərazidən keçir. Ağdaş dəmir yolu dayanacağının platformasının dəmir-beton konstruksiyasının tikintisi tamamlanıb, Qəbələ stansiya binasında, dəmir yolu platformalarında və yeni Qəbələ dartı yarımstansiyasında tikinti işləri davam edir. Həmçinin Hacıalı yarımstansiyasının da təmiri işləri həyata keçrilir. Yağış sularının torpaq yatağından kənarlaşdırılması məqsədilə layihədə 13300 poqonmetr beton qanov nəzərdə tutulub və 2200 poqonmetr hissəsinin tikintisi başa çatıb.
Torpaq yatağının dayanıqlığını təmin etmək məqsədilə layihə üzrə uzunluqları 150 poqonmetr və 127 poqonmetr olan iki istinad divarının inşası nəzərdə tutulub və 127 poqonmetr olan istinad divarının tikintisi yekunlaşıb. Eyni zamanda, 10 kV-luq sərbəst yan qidalandırıcı elektirik verilişi xəttinin və kontakt dirəklərinin quraşdırılması işləri davam etdirilir. Bununla bərabər xətt üzrə hərəkət edəcək sürətli qatarın təhlükəsizliyini təmin etmək üçün dəmir yolunun təhkim zolağı boyunca 84600 paqonmetr metal hasarın çəkilməsi də nəzərdə tutulub.