CƏMİYYƏT
Lənkəran-Astara bölgəsi çaylarında suyun səviyyəsi artıb
Bakı, 19 sentyabr, AZƏRTAC
Ötən günlər ərzində bəzi yerlərdə yağan leysan xarakterli intensiv yağış nəticəsində respublikanın əsasən Lənkəran-Astara bölgəsi çaylarında suyun səviyyəsində artım qeydə alınıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-150, Kiçik Qafqazın çaylarında 130-140, Lənkəran-Astara bölgəsi çaylarında isə 90-150 faizini təşkil edir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, sentyabrın 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 122 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 2 santimetr artım qeydə alınıb. Məntəqədə su sərfi saniyədə 45 kubmetr olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə edilib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 52 santimetr artıb.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 444, Salyanda 262, Bankədə 208, Novruzlu məntəqəsində isə 160 santimetrdir.