REGİONLAR
Lənkəran-Astara iqtisadi rayonunun inkişafı üzrə hazırlanmış sənədlər təqdim edilib


Bakı, 5 iyun, AZƏRTAC
Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin benefisiarı olduğu “Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi” texniki yardım layihəsi çərçivəsində Lerik rayonu üzrə hazırlanan inkişaf planı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxış edərək, ölkəmizdə regionların tarazlı inkişafının iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu, bu məqsədlə həyata keçirilən sosial-iqtisadi inkişaf dövlət proqramlarının rayonlarda işgüzar mühitin davamlı yaxşılaşmasında, sosial rifahın yüksəlməsində xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edib ki, Azərbaycanda qeyri-neft iqtisadiyyatının inkişafı, özəl sektorun dəstəklənməsi üçün müxtəlif alətlər tətbiq olunur. Bu baxımdan, beynəlxalq təşkilatlarla, xüsusilə Avropa İttifaqı ilə müxtəlif proqram və layihələr çərçivəsində əməkdaşlığa xüsusi diqqət yetirilir. 2021-ci ilin 1 sentyabrından icrasına başlanılan “Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi” texniki yardım layihəsinin regionların sosial-iqtisadi inkişafına töhfəsi ilə bağlı gözləntilərin böyük olduğunu qeyd edən nazir müavini layihə çərçivəsində hazırlanmış sənədlər barədə rəy və təkliflərini layihə komandasına bildirərək, layihənin icrası istiqamətində işlərin sürətləndirilməsi və nəzarətin gücləndirilməsini tövsiyə edib.
Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko birgə layihələr üzrə dövlət qurumları ilə əməkdaşlığın genişləndirilməsinin, o cümlədən "Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi" layihəsinin önəmini vurğulayıb. Bildirilib ki, layihə üzrə Yol Xəritəsinə müvafiq olaraq Lerikin 2023-2028-ci illər üçün inkişaf planı, rayonda kənd təsərrüfatı, aqroturizm və ekoturizmin inkişafına dair sənədlər hazırlanıb.
Tədbir çərçivəsində Lerikin inkişaf planı və buna dair müvafiq sənədlərin təqdimatı olub, sənədlərlə bağlı aidiyyəti qurumların iştirakı ilə geniş tərkibli müzakirələr aparılıb.