REGİONLAR


Lənkəran Beynəlxalq Teatr Festivalının üçüncü günü maraqlı çıxışlarla yadda qalıb

Lənkəran, 4 iyun, Bağır Əliyev, AZƏRTAC

Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində Lənkəran Dövlət Dram Teatrının binasında keçirilən Beynəlxalq Teatr Festivalının üçüncü günü bakılı və gəncəli aktyorlarla yanaşı, İrandan gələn “Muğan-Hünər” və “Mika” Təbriz teatr qrupları da çıxış edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Muğan-Hünər” teatr qrupu 2001-ci ildə İran İslam Respublikasının Parsabad şəhərində fəaliyyətə başlayıb. Qrup 25-dən çox əsər tamaşaya qoyub, İranda və xarici ölkələrdə keçirilən Beynəlxalq Festivallarda iştirak edib.

“Mika” Təbriz teatr qrupu isə 2005-ci ildə fəaliyyətə başlayıb. İranın şimal-qərbində kukla tamaşaları ilə özünə məxsus dəstxəti olan bir qrupdur. Hazırladığı kukla tamaşaları xalq ədəbiyyatı və mədəniyyətə əsaslanır. “Mika” qrupu bütün tamaşaları Azərbaycan dilində nümayiş etdirir. Qrup Azərbaycan və İran mədəniyyətini gənc nəsillərə və uşaqlara tanıtmaq məqsədilə müxtəlif şəhər və ölkələrdə keçirilən festivallarda iştirak edib.

Tamaşaçılara təqdim olunan Əli Bərnunun “Qırmızı vız-vızı” tamaşası “Mika” və “Muğan-Hünər” teatrlarının birgə yaradıcılıq məhsuludur.

Tamaşanın quruluşçu rejissoru Əli Bərnundur

Festivalın üçüncü günü təqdim olunan ikinci səhnə əsəri-Akademik Milli Dram Teatrının “Nindza Tısbağalar və kapitan Cekin macəraları” tamaşasının rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Könül Kərimovadır.

Səhnə əsərinin uğuru həm də ondadır ki, interaktivliyi, rəngarəng geyimləri, rəssam işi, musiqisi, maraqlı süjet xətti ilə uşaqların özlərini də iştirakçıya çevirir. Onlar yer-yerdən aktyorları səsləyir, şər qüvvələri pisləyir, xeyirxah qəhrəmanlara kömək etmək istəyirlər.

Quruluşçu rejissoru Anar Sadıqov olan tamaşada aktyorlar Mətləb Abdullayev, İlahə Həsənova, Rada Nəsibova, Nigar Güləhmədova, Elnur Qədirov, Elçin Hacıyev, Vüsal Mustafayev, İmran Qurbanov, Əlvida Cəfərov, Xədicə Novruzlu, Fəridə Şahbazova, Rüstəm Rüstəmov, Ziya Ağayev, Vüsal Məmmədov, Mehriban Xanlarova, Əminə Cəfərova və Ləman Fərmanlı iştirak ediblər.

Beynəlxalq Teatr Festivalında tamaşaçılara təqdim olunan üçüncü tamaşa Dövlət Gənc Tamaşaçılar Teatrının Azərbaycan xalq nağılı əsasında gənc yazıçı Pərvin Nurəliyevanın səhnələşdirdiyi birhissəli tamaşa nənənin bişirdiyi qoğalın başına gələn maraqlı əhvalatlardan bəhs edir.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Məryəm Əlibəylidir.

Əsas rolları Anar Seyfullayev, Ramil Məmmədov, Zülfiyyə Alhüseynova, Günel Məmmədova, Roza İbadova və başqaları canlandırıblar.

Musiqili, əyləncəli, eyni zamanda, ibrətamiz hadisələrlə zəngin müzikl kiçik yaşlı tamaşaçıları düzlüyə, prinsipiallığa səsləyir, onlara pisi yaxşıdan ayırmaq kimi insani keyfiyyətləri aşılayır.

Fərqli üslubda hazırlanmış nağıl-müziklin süjet xətti, gözəl səhnə tərtibatı, müasir musiqiləri və aktyorların oyunu balaca tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Sonda hər üç kollektivə Mədəniyyət Nazirliyinin diplomları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.