REGİONLAR
Lənkəran Dövlət Dram Teatrı 130-cu teatr mövsümünə yekun vurub VİDEO
Astara, 16 iyul, İsmayıl Cəfərli, AZƏRTAC
Lənkəran Dövlət Dram Teatrı 130-cu teatr mövsümünə yekun vurub. Son illər açılış və bağlanışların ayrı-ayrı rayonlarda keçirilməsi ənənəsinə sadiq qalan teatrın aktyor truppası bu dəfə Astarada pandemiya şərtlərinə uyğun olaraq açıq havada teatrsevərlərin görüşünə gəlib.
AZƏRTAC xəbər verir ki, bağlanış mərasimidə Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov çıxış edərək ötən illər ərzində görülən işlərdən, qazanılan uğurlardan danışıb. Bildirib ki, yola saldığımız mövsüm pandemiya ilə əlaqədar onları bir qədər çətinliklər yaratsa da, tamaşaçılardan uzalaşmadıq. Onlayn tamaşalar təqdim etdik, habelə audio və videoçarxlar hazırladıq.
Yaradıcılıq planalrından danışan teatrın direktoru bildirib ki, növbəti mövsümdə başlıca məqsəd 44 günlük müharibədə qazandığımız qələbənin 1 illiyi ilə bağlı Azərbaycan Ordusunun sarsılmaz gücündən, əsgər və zabitlərimzi şücaətindən bəhs edən yeni tamaşaların hazırlanması olacaq. Bu məqsədlə yazıçı və dramaturqlarla yeni pyeslərin hazırlanması üçün işbirliyi aparılır.
Sonra açıq havada qurulan səhnədə Cəfər Cabbarlının “Vəfalı Səriyyə” əsəri nümayiş edilib. Quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov olan səhnə işində rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sücaəddin Mirzəyev, aktyorlardan Aynur Əhmədova, Səyad Əliyev, Qızılgül Quliyeva, Əbülfəz Axundov, Miraslan Ağayev, Emin Fərzullayev, Tərlan Abdullayev, Təranə Fərəcova və Amil İbrahimli ifa ediblər.
Səhnə ustaları sonda Astara Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif ediliblər.