REGİONLAR


Lənkəran Dövlət Dram Teatrı Beynəlxalq teatr festivalında Azərbaycanı təmsil edib

Lənkəran, 29 noyabr, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Dövlət Dram Teatrı İran İslam Respublikasının Həmədan şəhərində keçirilən XXV Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında ölkəmizi təmsil edib.

Teatrın direktoru Tofiq Heydərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, yaradıcı kollektiv noyabrın 20-25-də keçirilən bu ənənəvi sənət yarışmasında yazıçı-publisist Əjdər Olun “Meşəbəyinin dostları” musiqili nağıl-tamaşası ilə çıxış edib.

Uşaqlarda xeyirxahlıq, mərhəmət, ətrafdakılara köməklik göstərmək kimi nəcib hissləri aşılayan tamaşanın quruluşçu-rejissoru Emil Əskərov, quruluşçu-rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Rolları teatrın aktyorlarından Allahverən Babayev, Emin Fərzullayev, Səyad Əliyev, Rauf Zeynalov, Ülkər Quliyeva və Günel Abbaszadə ifa ediblər.

Belçika, İtaliya, Almaniya, Türkiyə, Norveç, Hindistan, İraq, Fransa kimi ölkələrin təmsil olunduğu festivalın bağlanış mərasimində Lənkəran teatrının truppası münsiflər heyəti tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Qeyd edək ki, Lənkəran teatrı 2017-ci ildə də İranın Həmədan şəhərində keçirilən XXIV Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında Azərbaycanı təmsil etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.