REGİONLAR
Lənkəran Dövlət Dram Teatrı Xocalı soyqırımı ilə bağlı audio-video kompozisiya yayımlayıb
Lənkəran, 25 fevral, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Dövlət Dram Teatrının truppası Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş audio-video kompozisiya hazırlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fevralın 25-də kompozisiya teatrın rəsmi facebook səhifəsində, eləcə də səsgücləndirici qurğular vasitəsilə Lənkəran şəhərinin mərkəzi meydanlarında yayımlanıb.
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri və rus hərbi birləşmələrinin Xocalı şəhərinə hücumu zamanı amansızlıqla öldürülən, doğma yurd-yuvalarından didərgin düşən günahsız insanların faciəli taleyi, onların vətənpərvərlik hisləri, psixoloji və mənəvi durumu təsirli səhnələrlə audio-video kompozisiyada əks etdirilib.
Mətni teatrın aparıcı aktyorlarından Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, Qızılgül Quliyeva və Allahverən Babayev səsləndiriblər.
Kompozisiyanın musiqi tərtibatçısı Fərahim Fərəcov, montajçı Təvəkkül Həsənovdur.