REGİONLAR
Lənkəran Dövlət Dram Teatrı cənub bölgəsində hamilik köməyini genişləndirir
Lənkəran, 29 iyun, Bağır Əliyev, AZƏRTAC
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi üç ildir ki, ölkəmizin cənub bölgəsinin mədəniyyət müəssisələrinə, özfəaliyyət dram kollektivlərinə və xalq teatrlarına hamilik köməyi edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə regional mədəniyyət idarələri və şöbələri ilə niyyət sazişləri imzalanıb, tərəflərin məqsəd və vəzifələri müəyyənləşdirilib.
Sənədlərə əsasən, Lənkəran Dövlət Dram Teatrı mədəni-maarif müəssisələrində ustad dərsləri keçirməyi, həmin kollektivlərə teatr tamaşaları hazırlamaqdan ötrü lazım olan dəstəyi göstərməyi öhdəsinə götürüb.
Teatrın hamilik köməyi sayəsində Cəlilabad Rayon Mədəniyyət Mərkəzinin Xalq Teatrı 5 illik fasilədən sonra öz fəaliyyətini bərpa edib, həvəskar artistlərin ifasında Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyası tamaşaya hazırlanıb.
Lənkəran Dövlət Dram Teatrı ilə Biləsuvar Regional Mədəniyyət İdarəsi arasında imzalanmış niyyət sazişinə müvafiq olaraq, Lənkəran teatrı Regional İdarənin tabeliyində olan mədəniyyət müəssisələrinin özfəaliyyət teatr kollektivlərinə yaradıcılıq və texniki dəstək göstərməyi öhdəsinə götürüb.
Lənkəranlı sənətçilərin hamiliyi ilə Biləsuvar Mədəniyyət Mərkəzinin özfəaliyyət teatr kollektivinin həvəskar aktyorlarının təqdimatında “Nəsimi” tamaşası oynanılıb, həmin tamaşa üçün lazım olan texniki və yaradıcılıq köməyi edilib.
Lənkəran Dövlət Dram Teatrının yaradıcı heyəti Astara Rayon Mədəniyyət Mərkəzində keçirilən seminarda iştirak edərək, yerli özfəaliyyət teatr kollektivləri üçün tamaşanın hazırlanma prosesi ilə bağlı ayrı-ayrı mövzularda, o cümlədən rol bölgüsü, rol üzərində iş, səhnənin bədii tərtibatı, işıq-kölgə effektlərinin istifadə olunması xüsusiyyətləri, afişa və proqramların hazırlanması mövzularında metodiki söhbətlər aparıb.
Seminardan sonra teatrın truppasının ifasında yazıçı Hafiz Mirzənin “Moskvalı gəlin” tamaşası oynanılıb.
Tamaşanın quruluşçu-rejissoru Əməkdar Artist Adil Zeynalov, quruluşçu-rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Əsas rolları Əməkdar Artist Sucəddin Mirzəyev, aktyorlardan Allahverən Babayev, Qızılgül Quliyeva, Səyad Əliyev, Hikmət Cəfərov, Şəbnəm Hüseynova, Ülkər Quliyeva, Nizami Qurbanov və digərləri ifa ediblər.