REGİONLAR
Lənkəran Dövlət Dram Teatrın truppası Ağdamda qastrol səfərində olub
Lənkəran, 24 noyabr, Bağır Əliyev, AZƏRTAC
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası Ağdam rayonunda qastrol səfərində olub. Lənkəranlı aktyorlar Ağdam Dövlət Dram Teatrının Quzanlı qəsəbəsindəki binasında görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” tamaşasını təqdim ediblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi-dram hissə rəhbəri Ağaddin Babayev məlumat verib.
Bildirilib ki, tamaşadan əvvəl çıxış edən Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, Ağdam Dövlət Dram Teatrının direktoru Məhəmməd Hüseynov və Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov qarşılıqlı yaradıcılıq əlaqələrinin yaradılmasının əhəmiyyətindən danışaraq hər iki teatra uğurlar arzulayıblar. Qeyd olunub ki, bu ilin iyul ayında Ağdam və Lənkəran teatrları arasında bağlanılmış niyyət sazişində hər iki kollektiv arasında yaradıcı əlaqələrin qurulması, qarşılıqlı qastrol səfərlərinin təşkili, rejissor və aktyor mübadiləsi, texniki dəstək, yaradıcı görüşlər və təcrübə mübadiləsi nəzərdə tutulur. Vətən müharibəsində qazanılmış Qələbədən sonra Qarabağa ilk qastrol səfəri də məhz Lənkəran teatrına qismət olub.
Ağdam ictimaiyyətinin nümayəndələri tərəfindən maraqla izlənən tamaşada bir-birinə səmimi hisslər bəsləyən Səriyyə və Rüstəmin məhəbbəti ön planda təsvir olunur. Səhnə əsərində cəmiyyətin əsas mövcud problemləri, o cümlədən ictimai, əxlaqi-mənəvi inkişafa mane olan gerilik, mühafizəkar insanların çürük adətlərə sadiqliyi, pulun cəmiyyətə və əxlaqa göstərdiyi pozucu təsir kəskin tənqid atəşinə tutulur.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Eldar Salayevdir.
Tamaşadan sonra lənkəranlı qonaqlar ermənilər tərəfindən dağıdılmış Ağdam şəhər məscidinin və Ağdam Dövlət Dram Teatrının binasının qalıqlarına baş çəkərək, mənfur qonşularımızın cinayətkar əməlləri ilə tanış olublar.