REGİONLAR
Lənkəran Dövlət Dram Teatrında uşaqlar üçün hazırlanmış Yeni il tamaşasının premyerası olub
Lənkəran, 19 dekabr, Bağır Əliyev, AZƏRTAC
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının kollektivi uşaqları Yeni il ərəfəsində və bayram günlərində yeni səhnə əsəri ilə sevindirəcək.
Teatrın aktyorları bu dəfə uşaqların görüşünə gənc rejissor Tərlan Abdullayevin müəllifi olduğu və quruluş verdiyi “Qar dənəcikləri” pyesinin tamaşası ilə gələcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, premyerası keçirilən bu səhnə əsərində Yeni ili qarşılamağa hazırlaşan balaca nağıl qəhrəmanlarının başına gələn əhvalatlardan söz açılır.
Yeni ilin gəlişinə saatlar qalıb. Nağıl qəhrəmanları Yeni ili qarşılamaq üçün toplaşıblar. Amma Qar nənə sehrli almaz çomağı ilə uşaqları vurub Arktikanın buz səhralarına salır. Buz səhrasında dözümlülük, səbir göstərmələrinə baxmayaraq, uşaqlar soyuqdan donmaq təhlükəsi ilə üz-üzə qalırlar. Özünü vaxtında çatdıran Şaxta baba nağıl qəhrəmanlarının həyatını xilas edir.
Uşaqlar da öz növbəsində Qar nənənin qəsrinə gələrək, onun sehrli çomağını məhv etməklə Qar qızı azad edirlər. Sonda Yeni ili arzu etdikləri kimi keçirirlər.
Tamaşanın quruluşçu rəssamı Rza Rzazadə, bəstəkarı Teymur Gözəlov, səs rejissoru Fərahim Fərəcovdur.
Rolları teatrın aktyorlarından Allahverən Babayev, Gülər Kərimli, Rauf Zeynalov, Şəbnəm Hüseynova, Emil Rzayev, Aysel Cahangirova, Vəfa Hacızadə, Teymur Hacızadə və Amil İbrahimi ifa edirlər.