REGİONLAR


Lənkəran Dövlət Dram Teatrında yeni tamaşa: “Ay lolo və ya moskvalı gəlin”

Lənkəran, 17 mart, Bağır Əliyev, AZƏRTAC 

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı fəaliyyət göstərdiyi dövrdə həmişə yerli müəlliflərin əsərlərinə müraciət edib.

AZƏRTAC xəbər verir ki, yaradıcı kollektiv ənənəsinə sadiq qalaraq Lənkəranda yaşayıb-yaradan yazıçı-publisist Hafiz Mirzənin “Ay lolo və ya moskvalı gəlin” adlı komediyasını repertuarına daxil edib. Gərgin məşqlərdən sonra martın 16-da həmin səhnə əsərinin premyerası olub.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin, yerli icra strukturları və ictimaiyyət nümayəndələrinin böyük maraqla izlədikləri tamaşada hadisələr keçmiş sovetlər dövründə cərəyan edir.

Moskvada ordu sıralarında xidmət edən Güləli Vətənə qayıdarkən özü ilə Nataşa adlı bir qızı da gətirir. Güləli anasının rus gəlinini qəbul etmədiyini gördükdə isə Nataşanı etnoqraf tələbə kimi qələmə verir. Bu halda hamı qonağa hörmət edərək, onun bir neçə ay qalıb xalqımızın etnoqrafiyasını dərindən öyrənməsinə şərait yaradır.

Bunun hiylə olduğunu başa düşən Güləlinin anası Gültamam arvad Nataşaya qəsdən elə bir həyat tərzi göstərir ki, o, buralardan baş götürüb geri qayıtsın.

Nataşa guya etnoqrafiyanı canlı şəkildə öyrənir deyə, çox məşəqqətlərə, çətinliklərə dözür, yerli adət-ənənələrə uyğun həyat tərzi keçirməyə çalışır. Gültamam arvad hətta cindar Mircəfərin köməyindən də yararlanmaq istəyir. Bu zaman o, cindardan bir vaxtlar Dərviş Məstəli şahın Parisi partlatdığı kimi, indi də Moskvanın dağıdılmasını istəyir.

Hadisələrin sonunda Gültamam və Gülağa rus qızı Nataşanı oğlanları Güləli üçün almağa və onu gəlin kimi qəbul etməyə razılaşsalar da, Nataşa qatarla Moskvaya – geri qayıdır. Bu isə 1991-ci ildə Moskvada dövlət çevrilişi ilə eyni günə təsadüf edir. Gültamam və Gülağa bu hadisələrin cindar Həsənağanın yazdığı duanın təsirindən baş verdiyini, Nataşanın da məhz buna görə baş götürüb qaçdığını düşünürlər.

Tamaşanın quruluşçu rejissoru, Əməkdar Artist Adil Zeynalov, rejissoru Əlibala Əsgərov, quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Əsas rolları Əməkdar Artistlər Sucəddin Mirzəyev və Adil Zeynalov, aktyorlardan Qızılgül Quliyeva, Sayad Əliyev, Şəbnəm Hüseynova, Allahverən Babayev, Ülkər Quliyeva, Nizami Qurbanov və digərləri ifa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.