REGİONLAR
Lənkəran Dövlət Dram Teatrının İrana qastrol səfəri başa çatıb
Lənkəran, 8 dekabr, Bağır Əliyev, AZƏRTAC
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasından qastrol səfərindən qayıdıb.
Teatrın direktoru Tofiq Heydərov AZƏRTAC-a bildirib ki, qastrol səfərinin açılış mərasimi dekabrın 1-də keçirilib. Tədbirdə İranın Gilan vilayətinin Mədəniyyət İdarəsinin rəisi Firuz Fazili və Rəşt şəhərinin meri Məhəmmədəli Sabitqədəm çıxış edərək, Lənkəran teatrının truppasına xoş və səmimi arzularını çatdırıblar.
İranın bir sıra rəsmi dövlət xadimlərinin də qatıldığı mərasimdə Azərbaycan-İran əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi, bu cür mədəni görüşlərin iki dost xalq arasında müstəsna əhəmiyyət daşıdığı qeyd olunub.
Lənkəranlı aktyorlar qonşu ölkənin Rəşt şəhərində Bəhram Beyzayinin “İlan Sultan” tamaşası ilə çıxış ediblər.
Dekabrın 7-dək davam edən səfər çərçivəsində teatrın truppası, həmçinin Üzeyir Hacıbəylinin “Olanlardan-keçənlərdən” tamaşası ilə Rəşt şəhərində keçirilən “Meydan tamaşaları” festivalına da qatılıb.
Qastrol səfərinin bağlanış mərasimi də böyük coşqu ilə keçib. Səhnədə Azərbaycan və İranın dövlət bayraqları dalğalandırılıb.
Qeyd edək ki, Lənkəran Dövlət Dram Teatrının kollektivi İranın Rəşt şəhərində olduğu müddətdə Tehran və Ərdəbil şəhərlərindən də qastrol dəvətləri alıb.