REGİONLAR
Lənkəran Dövlət Dram Teatrının truppası Cəlilabadda qastrol səfərində olub
Lənkəran, 28 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası Cəlilabadda qastrol səfərində olub.
AZƏRTAC xəbər verir ki, teatrın aktyorları Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində yazıçı-dramaturq Hafiz Mirzənin “Ay lolo və ya moskvalı gəlin” tamaşası ilə sənətsevərlər qarşısında çıxış ediblər.
Teatrın rejissoru, Əməkdar Artist Adil Zeynalovun quruluş verdiyi tamaşada hadisələr keçmiş sovet dövründə cərəyan edir.
Moskvada ordu sıralarında xidmət edən Güləli Vətənə qayıdarkən özü ilə Nataşa adlı bir qızı da gətirir. Anasının rus gəlinini qəbul etmədiyini gördükdə isə, Güləli onu etnoqraf tələbə kimi qələmə verməyə nail olur. Bu halda hamı qonağa hörmət edərək, onun bir neçə ay qalıb xalqımızın etnoqrafiyasını içdən öyrənməsinə şərait yaradır. Amma bunun hiylə olmasının üstü açılır. Sonda ata-anaları rus qızını oğlanları üçün almağa razılaşsalar da, Nataşa Moskvaya qaçır.
Tamaşanın quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları Əməkdar Artist Sucəddin Mirzəyev, aktyorlardan Allahverən Babayev, Qızılgül Quliyeva, Səyad Əliyev, Hikmət Cəfərov, Şəbnəm Hüseynova, Ülkər Quliyeva, Nizami Qurbanov və digərləri ifa ediblər.