REGİONLAR


Lənkəran Dövlət Universiteti ilə sığorta şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Lənkəran, 9 dekabr, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Dövlət Universiteti (LDU) ilə “Standard Insuranse” ASC sığorta şirkəti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun və “Standard Insuranse” ASC-nin İdarə Heyətinin sədri Anar Sadıqovun imzaladıqları müqavilə iki qurum arasında əməkdaşlıq üçün geniş imkanlar açır.

Müqaviləyə əsasən, təcrübəçi tələbələrin bilik və bacarıqlarının artırılması məqsədilə razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığı təşkil ediləcək, gələcəkdə kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstəriləcək. Həmçinin tələbələrin şirkətin bazasında istehsalat təlimi və təcrübə keçmələrinə şərait yaradılacaq, birgə təlimlər təşkil ediləcək.

Şirkətin nümayəndə heyəti ilə görüşdə professor Natiq İbrahimov universitet barədə ətraflı məlumat verərək, son illər kadr hazırlığı istiqamətində görülən işlərdən, tələbələrə praktiki vərdişlərin aşılanmasının vacibliyindən və bu sahədə qazanılan uğurlardan danışıb. Şirkətlə əməkdaşlığın LDU üçün faydalı olacağını deyən N.İbrahimov bu addımın məzunların işlə təminatına da müsbət təsir edəcəyini bildirib. Qeyd edib ki, bundan sonra LDU-da tələbə və magistrlərə sığorta ilə bağlı əlavə fənlərin tədrisi nəzərdə tutulub.

Anar Sadıqov “Karyerada ilk addımlar” layihəsi, tələbə-tədris proqramı çərçivəsində ölkənin nüfuzlu ali məktəbləri ilə əməkdaşlıq etdiklərini, gəncləri maarifləndirmək məqsədilə mütəmadi görüşlər keçirdiklərini deyib. O, LDU ilə əməkdaşlığın hər iki tərəf üçün səmərəli olacağını vurğulayıb, şirkətdə təcrübə keçən tələbə və magistrlərin işlə təmin ediləcəyini bildirib.

Qeyd edək ki, “Standard Insuranse” ASC-nin Lənkəranda cənub regional filialı fəaliyyətə başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.