REGİONLAR
Lənkəran Dövlət Universitetində “Açıq qapı günü” və “Məzun yarmarkası” keçirilir
Lənkəran, 21 may, Bağır Əliyev, AZƏRTAC
Mayın 21-də Lənkəran Dövlət Universitetində (LDU) “Məzun-2019” proqramı çərçivəsində “Açıq qapı günü” və “Məzun yarmarkası”na start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, LDU-nun Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi tədbirin məqsədi tələbə-məzunlara aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da, qısa vaxt ərzində ixtisaslı kadr seçiminə imkan yaratmaqdır.
Məzun yarmarkasında LDU-nun builki və ötənilki məzunları, valideynlər, Rayon Məşğulluq Mərkəzinin və işəgötürən sifarişçi təşkilatların təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən LDU-nun rektoru vəzifəsini icra edən, riyaziyyat elmləri doktoru, professor Natiq İbrahimov universitetdə tədrisin maddi-texniki bazasının yenilənməsi, keyfiyyətli mütəxəssislərin hazırlanması istiqamətində son illər görülən işlərdən, aparılan təhsil islahatlarından danışıb.
Əmək yarmarkasının keçirilməsinin vacibliyini qeyd edən N.İbrahimov belə tədbirlərin bu il LDU-nu bitirən 600-dən artıq məzuna iş probleminin həllində dəstək olduğunu, əmək yarmarkalarının gənclərin məşğulluğunun təmin edilməsində əhəmiyyətli rol oynadığını, işçi ilə işəgötürən arasında operativ körpü olduğunu bildirib.
Natiq İbrahimov LDU-da hazırlanan kadrların peşəkarlığının artırılması məqsədilə son illər praktik məşğələlərə geniş yer ayrıldığını, müasir elmi-təcrübi laboratoriyaların təşkil edildiyini, universitetə 5 hektar təcrübə sahəsinin ayrıldığını vurğulayaraq bildirib ki, növbəti tədris ilindən ali məktəbdə daha bir neçə yeni ixtisasda kadr hazırlığına başlanılacaq.
Tədbirdə 1 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Rəfael Tahirov, Lənkəran Rayon Məşğulluq Mərkəzinin direktoru Ramin Hüccətov, “Vıp Lif” şirkətinin təmsilçisi Gülnar Abdullayeva çıxış edərək, “Açıq qapı günü” və “Məzun yarmarkası”nın təşkilini məzunların məşğulluğunun təminatında uğurlu addım kimi dəyərləndirib, məzunlara vakant iş yerləri barədə məlumat veriblər.
Məzun yarmarkasına Lənkəranla yanaşı, cənub bölgəsində fəaliyyət göstərən 17 dövlət və 22 özəl müəssisə tərəfindən 600 boş iş yeri çıxarılıb.
“Açıq qapı günü” mayın 23-nə kimi davam edəcək.