REGİONLAR
Lənkəran Dövlət Universitetində “Bilik günü”nün təntənəsi
Lənkəran, 15 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Sentyabrın 15-də Lənkəran Dövlət Universitetinin (LDU) müəllim və tələbələri “Bilik günü”nün sevincini yaşayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, LDU-nun rektoru vəzifəsini icra edən, professor Natiq İbrahimov universitetin müəllim və tələbələrini, valideynləri yeni tədris ilinin başlanması və “Bilik günü” münasibətilə təbrik edib.
N.İbrahimov ali məktəbin birinci kursuna qəbul olunmuş tələbələrə xoş arzularını çatdıraraq seçimlərində yanılmadıqlarını, bu ali təhsil ocağında kamil mütəxəssis kimi yetişmələri üçün hər cür şəraitin yaradıldığını bildirib.
Ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından söz açan professor N.İbrahimov LDU-da son illərdə görülən işlərdən danışaraq yeni tədris laboratoriyalarının quraşdırılmasını 2018-2019-cu tədris ilinin ən uğurlu yeniliyi kimi dəyərləndirib.
Mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev, universitetin sosial məsələlər üzrə prorektoru Kamran Kazımov, ictimai şuranın sədri Sərhad Məmmədov, valideynlərdən Sahilə Heydərova, Azad Mirzəyev, yüksək balla LDU-ya qəbul olunmuş tələbə və magistrlər yeni dərs ilinin başlanması münasibətilə xoş arzularını bildiriblər.
Diqqətə çatdırılıb ki, builki qəbul imtahanlarında ən uğurlu nəticəni Aynur Əliyeva (645 bal) və Leyla Heydərova( 611 bal) əldə ediblər.
Tədbirdə yüksək bal toplamış tələbə və magistrlərə tələbə biletləri və planşetlər hədiyyə olunub.
“Bilik günü”nün ən əlamətdar hadisələrindən biri də LDU-nun 2 nömrəli tədris korpusunda müasir tələblərə tam cavab verən yeməkxana binasının istifadəyə verilməsi olub.
Qeyd edək ki, hazırda LDU-da 27 ixtisas üzrə 3500-dək tələbə təhsil alır. 2018-2019-cu tədris ilində universitetə 977 bakalavr və 64 magistr qəbul olunub.