REGİONLAR


Lənkəran Dövlət Universitetində Novruz bayramı türkiyəli tələbələrlə birgə qeyd olunub

Lənkəran, 20 mart, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Dövlət Universitetinin (LDU) tələbələri Novruz bayramını türkiyəli həmkarları ilə bir yerdə qeyd ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, LDU-nun həyata keçirdiyi “Mövlanə Mübadilə Proqramı” çərçivəsində əməkdaşlıq etdiyi Amasiya Universitetinin nümayəndə heyəti Lənkəranda olub.

Nümayəndə heyətinin üzvlərini LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qəbul edib.

Türkiyəli qonaqların məhz bayram günlərində Lənkərana səfər etməsindən məmnun qaldığını deyən N.İbrahimov onlara LDU barədə, burada son illər təhsilin yenilənməsi istiqamətində aparılan işlər, tikilməkdə olan yeni tədris korpusları, tələbə yataqxanası, turizm-tədris-təcrübə bazası, modern laboratoriyalar, genişlənən beynəlxalq əlaqələr barədə ətraflı məlumat verib.

Amasiya Universitetinin pedaqoji fakültəsinin səyahət klubu üzrə elmi rəhbəri Tuncay Dəmirtaş səmimi qəbula görə minnətdarlığını ifadə edib.

Görüş zamanı yeni əməkdaşlıq müqavilələrinin imzalanması, tələbə-müəllim mübadilələri, birgə elmi konfrans və simpoziumların keçirilməsi barədə müzakirələr aparılıb.

Nümayəndə heyəti LDU-nun təhsil həyatı, burada görülən işlər, tədris-təcrübə bazası ilə yaxından tanış olublar.

Universitetlə tanışlıqdan sonra türkiyəli qonaqlar LDU-da keçirilən Novruz şənliyinə qatılıblar.

Novruz bayramının atributları olan Kosa və Keçəlin məzəli sərgüzəştləri, Bahar qızın şux zarafatları, tələbələrin ifasında səslənən oynaq mahnı və rəqslər, bir-birindən maraqlı səhnəciklər, rəngarəng konsert nömrələri qonaqların böyük marağına səbəb olub, onlara əsl bayram ovqatı bəxş edib.

Azərbaycanda, xüsusən də Lənkəranda Novruz bayramının özəlliklərinə heyran qaldığını deyən türkiyəli qonaqlar lənkəranlı tələbələrlə möhtəşəm “Novruz yallı”sına qatılıblar.

Qonaqlar üçün zəngin bayram süfrəsi açılıb, bayram şamları yandırılıb. Onlar səfərdən aldıqları zəngin təəssüratlara görə lənkəranlı həmkarlarına minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.