REGİONLAR
Lənkəran Dövlət Universitetində Şeyx Zahid Gilaninin 800 illik yubileyinə həsr olunmuş beynəlxalq simpozium işə başlayıb
Lənkəran, 13 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 13-də Lənkəran Dövlət Universitetində (LDU) “Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani” mövzusunda ikigünlük beynəlxalq simpozium işə başlayıb. Simpozium AMEA-nın Tarix İnstitutu, Türkiyənin Konya Nəcməddin Ərbəkan Universiteti, TİKA və LDU-nun birgə təşkilatçılığı ilə keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Beynəlxalq tədbirdə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov tədbir iştirakçılarını salamlayaraq, beynəlxalq simpoziumun gündəliyi, məqsəd və vəzifələri barədə məlumat verib. Qeyd olunub ki, doğumunun 800-cü ildönümündə Şeyx Zahid Gilaninin anılması bu dəyərli şəxsiyyətin irsini öyrənən alimlərin bir araya gəlməsinə, birgə fikir mübadiləsi aparılmasına, elmi axtarışların nəticələrinin paylaşılmasına şərait yaratmaqla, yeni tədqiqatlara da yol açacaq. Simpoziuma marağın gözlənildiyindən də böyük olduğunu vurğulayan N.İbrahimov beş ölkədən 60-dan çox müraciətin daxil olduğunu bildirərək, bunu Şeyx Zahid Gilani şəxsiyyətinə, müdrikliyinə hörmət kimi dəyərləndirib.
Diqqətə çatdırılıb ki, Şeyx Zahid Gilani 1215-ci ildə Lənkəran rayonunun Siyəvar kəndində anadan olub. Rayonun Şıxəkəran kəndində yerləşən Şeyx Zahid türbəsi ölkəmizin tanınmış ziyarətgahlarından biridir. Türbə Nazirlər Kabinetinin qərarına əsasən, yerli əhəmiyyətli tarixi abidə kimi qeydiyyata alınaraq qorunur.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev rayonda Şeyx Zahid şəxsiyyətinə daim dəyər verildiyini, məqbərəsinin müqəddəs ziyarətgah olduğunu, şəhərdəki mərkəzi küçələrdən birinin onun adını daşıdığını bildirib.
Türkiyənin Konya Nəcməddin Ərbəkan Universitetinin professoru Əhməd Taşkın, Kastomonu Universitetinin professoru Cövdət Yaquboğlu, AMEA-nın Tarix İnstitutunun əməkdaşları - professor Şahin Fazil, dosent Dilavər Əzimli çıxışlarında Şeyx Zahid Gilani şəxsiyyətinin böyüklüyü, onun fəlsəfi fikir tarixində oynadığı rol, xeyirxah əməlləri barədə ətraflı söz açıblar.
Rəsmi hissədən sonra Bolqarıstanın məşhur “Səma” rəqs qrupunun, xanəndə Ağakərim Nafizin, sufi-ozan Fəxrəddin Salimin ifaları tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Günün ikinci yarısında simpozium işini bölmə iclaslarında davam etdirib.
Simpozium başa çatdıqdan sonra qonaqlar Şeyx Zahid Gilaninin Lənkəran rayonunun Şıxəkəran kəndində yerləşən məqbərəsini ziyarət edəcək, Lənkəran və Astaranın tarixi abidələri, görməli yerləri ilə tanış olacaqlar.