REGİONLAR
Lənkəran Dövlət Universitetində “Yeni il karnavalı”
Lənkəran, 27 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 27-də Lənkəran Dövlət Universitetində (LDU) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar “Yeni il karnavalı” keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Dövlət Humanitar Kolleci ilə birgə keçirilən bayram tədbirində çıxış edən LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov başa çatmaqda olan ilin yekunlarından, 2019-cu ildə qarşıda duran vəzifələrdən söz açaraq, kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Bayram tədbirində 2018-ci ildə universitetin ictimai həyatında fəal iştirak edən, təhsil uğurları ilə seçilən müəllimlərə fəxri fərmanlar təqdim olunub.
Şaxta baba və Qar qızın da qatıldığı “Yeni il karnavalı” şən mahnılar, oynaq rəqslər, məzəli səhnəciklər, bayram ovqatlı zarafatlarla yadda qalıb.
Tədbirdə Lənkəran Dövlət Universitetinin və Lənkəran Dövlət Humanitar Kollecinin istedadlı tələbələri maraqlı konsert proqramı ilə çıxış ediblər.
Mərasimdə LDU-da çalışanlara pul mükafatları və hədiyyələr verilib.