REGİONLAR
Lənkəran Dövlət Universitetində keçirilən “Məzun yarmarkası”nda tələbələrə 250 boş iş yeri təklif olunub
Lənkəran, 21 may, Bağır Əliyev, AZƏRTAC
Mayın 21-də Lənkəran Dövlət Universitetində (LDU) keçirilən “Açıq qapı günü” və “Məzun yarmarkası”nda tələbələrə 250 boş iş yeri təklif edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin məqsədi tələbə-məzunlara aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da, işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına imkan yaratmaqdır.
“Məzun yarmarkası”nda LDU-nun builki və ötənilki məzunları, valideynlər, rayon məşğulluq idarəsinin və işəgötürən təşkilatların təmsilçiləri iştirak ediblər.
Tədbirdə LDU-nun rektor vəzifəsini icra edən, riyaziyyat elmləri doktoru, professor Natiq İbrahimov bu elm ocağında tədrisin maddi-texniki bazasının yenilənməsi, ixtisaslı kadrların hazırlanması istiqamətində görülən işlərdən danışıb.
“Məzun yarmarkası”nın keçirilməsinin əhəmiyyətini yüksək dəyərləndirən Natiq İbrahimov belə tədbirlərin bu il LDU-nu bitirən 360 məzuna iş probleminin həllində dəstək olduğunu, gənclərin məşğulluğunun təminatında mühüm rol oynadığını, işçi ilə işəgötürən arasında operativ körpü yaratdığını bildirib. Natiq İbrahimov LDU-da hazırlanan kadrların peşəkarlığının artırılması məqsədilə bu ildən praktik məşğələlərə geniş yer ayrıldığını, müasir elmi-təcrübi laboratoriyaların təşkil edildiyini, rayon rəhbərliyi tərəfindən təcrübə məqsədilə universitetə 5 hektar təcrübə sahəsinin ayrıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, növbəti tədris ilindən universitetdə daha bir neçə yeni ixtisasda kadr hazırlığına başlanılacaq.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev çıxışında LDU-da yaradılan şəraitdən məmnun olduğunu bildirib, məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
“Məzun yarmarkası”na Lənkəranla yanaşı, cənub bölgəsində fəaliyyət göstərən 50 dövlət və özəl müəssisə 250 boş (vakant) iş yeri çıxarıb. 140 nəfərə işə göndəriş verilib.
Qeyd edək ki, LDU-da “Açıq qapı günü” mayın 23-dək davam edəcək.