REGİONLAR
Lənkəran Dövlət Universitetində keçirilən respublika elmi-praktik konfransı başa çatıb
Lənkəran, 8 may, Bağır Əliyev, AZƏRTAC
Mayın 8-də Lənkəran Dövlət Universitetində (LDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə keçirilən “Tədris prosesində elmi innovasiyaların tətbiqi yolları” mövzusunda ikigünlük respublika elmi-praktik konfransına yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, toplantıda çıxış edən Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlərdən danışaraq qazanılan uğurları ulu öndər Heydər Əliyevin düzgün siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirib.
Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğını vurğulayan Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin qazandığı uğurların yürüdülən siyasətin səmərəli nəticəsi olduğunu, Ümummilli Liderin ideyalarına daim sadiq qalacaqlarını, elm və təhsilin dünya təhsilinə inteqrasiyası istiqamətində fəaliyyətlərinin davamlı olacağını bildirib.
Sonra LDU-nun iqtisadiyyat və innovativ idarəetmə kafedrasının müdiri, professor Telman İmanovun “Tədris prosesində elmi innovasiyaların tətbiqi yolları” mövzusunda məruzəsi dinlənilib. Məruzədə dünyada və ölkəmizdə gedən innovativ proseslər, onların təhsilə təsiri, tədris prosesində elmi innovasiyaların tətbiqi yolları, nəticələri, bu sahədə olan çatışmazlıqlar barədə ətraflı söhbət açılıb, görülən işlər fakt və rəqəmlər əsasında şərh və təhlil edilib.
Məruzə ətrafında müzakirələrdə çıxış edən Bakı Avrasiya Universitetinin dosenti Seyfəddin Altaylı konfransın olduqca maraqlı mövzuya həsr olunduğunu bildirib, ulu öndər Heydər Əliyevlə olan görüşlərindən söz açıb, həmçinin müəllifi olduğu kitabları LDU-nun kitabxanasına hədiyyə edib.
Konfransın plenar iclasında elmi–tədqiqat işində fərqlənən bir qrup əməkdaşa təşəkkürnamə, fəxri-fərman və sertifikatlar təqdim olunub.
Plenar iclasdan sonra konfrans işini bölmələrdə davam etdirib. Konfransda “Riyaziyyat və təbiət elmləri”, “İqtisadiyyat, aqrar və texnika elmləri”, “Dilçilik və ədəbiyyatşünaslıq”, “Tarix, fəlsəfə və pedaqogika” bölmələri üzrə 170-dən çox tezis dinlənilib.