REGİONLAR
Lənkəran Dövlət Universitetində təşkil olunan musiqi gecəsində Qara Qarayevin əsərləri səsləndirilib
Lənkəran, 25 aprel, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Dövlət Universitetində (LDU) görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr olunmuş musiqi gecəsində onun əsərlərindən parçalar, bəstələdiyi mahnılar ifa olunub.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Lənkəran Dövlət Humanitar Kolleci ilə birgə keçirilən tədbirdə çıxış edən LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov çıxışında dünya şöhrətli bəstəkarın zəngin və təkrarsız irsi barədə danışıb, Qara Qarayev musiqisinin heç vaxt dəyərdən düşmədiyini, bütün dünyada klassik musiqi həvəskarlarını valeh etdiyini bildirib.
Lənkəran Humanitar Kollecinin direktoru, dosent Ruslan Həmidov, kollecin incəsənət və musiqi bölməsinin müdiri Fikrət Kərimov çıxışlarında dahi bəstəkarın yaradıcılığının təkrarsız gözəlliyindən, zəngin irsindən, fəal vətəndaş mövqeyindən söz açıblar.
Tədbirdə görkəmli bəstəkarın ömür yolundan bəhs edən videoçarx nümayiş etdirilib.
Sonra söz canlı musiqiyə verilib. Lənkəran Dövlət Humanitar Kollecinin müəllim və tələbələrinin ifasında Qara Qarayevin “İldırımlı yollarla”, Yeddi gözəl” baletlərindən fraqmentlər, onun musiqi əsərlərindən parçalar, bəstələdiyi mahnılar ifa olunub.
Musiqi gecəsi birləşmiş xorun ifasında vətənpərvərlik mövzusunda mahnı ilə başa çatıb.