REGİONLAR
Lənkəran Dövlət Universitetində turizm tədris-təcrübə bazası istifadəyə verilib
Lənkəran, 15 iyun, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Dövlət Universitetinin nəzdində inşa olunmuş, müasir tələblərə cavab verən turizm tədris-təcrübə bazası iyunun 15-də tələbələrin ixtiyarına verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni bazanın açılış mərasiminə universitetin professor, müəllim və tələbələri ilə yanaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmiləri, müəssisə və təşkilat rəhbərləri, turizm sektorunun nümayəndələri, ictimaiyyət təmsilçiləri də qatılıb.
LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov tədbir iştirakçılarını 15 iyun - Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə təbrik edib.
Cənub bölgəsinin böyük turizm potensialına malik olduğunu vurğulayan N.İbrahimov LDU-da turizm və otelçilik ixtisasının məhz bu məqsədlə açıldığını və bugünkü tədris-təcrübə bazasının da bu istiqamətdə peşəkar kadr hazırlığına yardımçı olacağını bildirib. Qeyd olunub ki, yeni yaradılmış turizm-təcrübə bazasında regionda fəaliyyət göstərən turizm müəssisələrinin bələdçi və otel işçiləri üçün peşəkar mütəxəssislər tərəfindən vaxtaşırı treninq və seminarların keçirilməsi nəzərdə tutulub.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov son illərdə universitetdə tədris bazasının gücləndirilməsi istiqamətində aparılan işlərdən danışıb. O, təhsil prosesində yaradılan şəffaf mühitin, yaradıcılıq ab-havasının rayon ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandığını deyib, universitetin Lənkəranın ictimai-siyasi və mədəni həyatında fəal iştirakını yüksək dəyərləndirib.
T.Qaraşov yeni turizm-təcrübə bazasını Lənkəran və bütövlükdə cənub bölgəsi üçün turizmin inkişafı istiqamətində böyük nailiyyət adlandıraraq bu ideyanı həyata keçirənlərə minnətdarlığını bildirib, tələbələrə yaradılmış şəraitdən maksimum yararlanmağı tövsiyə edib.
Sonra turizm-təcrübə bazası ilə tanışlıq olub.
Qeyd edək ki, turizm-təcrübə mərkəzində 35 nəfərin istirahəti üçün komfort şərait yaradılıb. Bazadan turizm məqsədləri üçün də istifadə ediləcək.